XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ BRİFİNQ KEÇİRİLMİŞDİR
ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə keçirilən görüşün gündəliyinin Praqa prosesi çərçivəsində müzakirə edilən məsələlərdən ibarət olduğunu diqqətə çatdıran nazir müavini, görüşü vacib və faydalı adlandırmışdır. O, danışıqlarda münaqişənin həlli istiqamətində ətraflı müzakirələr aparıldığını bildirmişdir.
A.Əzimov vurğulamışdır ki, münaqişənin həlli istiqamətində Azərbaycanın müzakirə etdiyi variantlar ölkəmizin qanunvericiliyinə, beynəlxalq hüquq normaları və prinsiplərinə söykənir. Dağlıq Qarabağın gələcək statusu Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri çərçivəsində, demokratik əsaslarla Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi tərəfindən birgə müəyyənləşdirilməlidir. Bu məsələdə başqa variantlar qəbul edilə bilməz.
Azərbaycanın münaqişənin həllini təkcə torpaqların qaytarılmasında görmədiyini söyləyən nazir müavini, buraya, eyni zamanda, Dağlıq Qarabağın erməni mənşəli Azərbaycan vətəndaşları ilə azərbaycanlı əhalinin sülh, əmin-amanlıq və əməkdaşlıq şəraitində normal yaşaması, hər iki icmanın təmsil ediləcəyi birgə idarəetmə sistemi yaradılmasının daxil olduğunu açıqlamışdır.
Ermənistan mətbuatında Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün referendum keçirilməsi barədə razılıq əldə edilməsi ilə bağlı səslənən fikirlərə münasibətini bildirən A.Əzimov, sözügedən məsələnin, Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bütün ərazisinə şamil edilən Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına əsasən, qeyri-mümkünlüyünü nəzərə çarpdırmışdır. Belə ki, əsas qanunumuzda qeyd edilən müvafiq məsələlərə aid referendum yalnız Azərbaycanın bütün ərazisində, ümummilli səviyyədə keçirilə bilər. Azərbaycanın ərazisində başqa cür referendum keçirilə bilməz.
A.Əzimov London görüşündə Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü üçün prezidentlərə təklif verilməsinin qərara alındığını bildirmişdir.