XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
XİN-in mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, E.Məmmədyarov ölkələrimiz arasında qarşılıqlı münasibətlərin inkişaf etdiyini vurğulamış və bunun xalqlarımızın mənafeyinə xidmət edəcəyinə ümidvar olduğunu söyləmişdir.
Ölkəmizə səfərindən məmnunluğunu bildirən cənab Xurşid Mahmud Kasuri Pakistan və Azərbaycan arasında siyasi, iqtisadi əlaqələrin dinamikasından danışmış, bunun daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamışdır.
E.Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının Bakıda keçiriləcək 9-cu zirvə toplantısı, habelə İƏT ölkələri Xarici İşlər Nazirləri Şurasının 16-cı iclası barədə söhbət açmış və müzakirə olunacaq məsələlər ətrafında fikir mübadiləsi etmişdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri zamanı keçirdiyi görüşləri də xatırlatmış və bu səfərin ölkələrimizin qarşılıqlı münasibətlərində yeni mərhələ olduğunu bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunan E.Məmmədyarov problemin beynəlxalq hüquq normaları və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulamışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.
X X X
Həmin gün nazir Elmar Məmmədyarov İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əshət Orazbayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə də görüşmüşdür.
Ə.Orazbay İƏT-in 9-cu zirvə toplantısının təşkili üçün göstərilən köməyə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirmiş, qonaqlar üçün yaradılmış rahat şəraitdən məmnunluğunu söyləmişdir.
Zirvə toplantısının gündəliyinin artıq hazır olduğunu bildirən baş katib digər sənədlərin də yekunlaşdırıldığını qeyd etmişdir.
E.Məmmədyarov da tədbirin təşkili ilə bağlı göstərdiyi səylərə görə təşəkkürünü bildirmiş, İƏT-in zirvə toplantısının Bakıda keçirilməsini ölkəmiz üçün mühüm hadisə kimi qiymətləndirmişdir. O, zirvə toplantısında dövlət və hökumət başçıları ilə yanaşı, beynəlxalq və regional təşkilatlardan nümayəndələrin, müşahidəçilərin, jurnalistlərin də iştirak edəcəyini tədbirə yüksək əhəmiyyət verilməsininin göstəricisi kimi səciyyələndirmişdir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər də müzakirə edilmişdir.