XARİCİ İŞLƏR NAZİRLİYİNDƏ GÖRÜŞ
Qonaq Azərbaycanda yaradılmış ombudsman təsisatının Avropa Şurası üçün də əhəmiyyət daşıdığını, bir müddətdən sonra yenidən Azərbaycana və Ermənistana səfər edərək, hər iki ölkədə insan hüquqları ilə bağlı məsələlərlə daha yaxından tanış olacağını bildirmişdir.
Ermənistanın təcavüzkar dövlət olduğunu, Azərbaycan torpaqlarının işğal edildiyini və bu məqamın hər zaman nəzərə alınmasının vacibliyini vurğulayan E.Məmmədyarov insan hüquqları məsələsində bu iki ölkə arasında fərq qoyulmasının zəruriliyini söyləmişdir. O, Ermənistanın təcavüzü nəticəsində bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü də xatırlatmış və bu məqamı yaddan çıxarmamağı tövsiyə etmişdir.
Komissarın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sualına cavabında nazir danışıqların mərhələli proses olduğunu, ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş torpaqlardan çıxarılmasının, məcburi köçkünlərin öz evlərinə qayıtmasının zəruriliyini bildirmişdir. İnsan hüquqları məsələsinə toxunan nazir, münaqişə nəticəsində bir milyon soydaşımızın hüquqlarının tapdandığını, lakin bəzi beynəlxalq qurumların bu faktları araşdırmadığını diqqətə çatdırmışdır.
Cənab Hammerberq komissar kimi onun vəzifəsinə hökumətlərə insan hüquqları ilə bağlı tövsiyələr vermək, islahatlar təklif etməklə yanaşı, həm də silahlı münaqişələr zamanı insan hüquqlarının pozulmasına dair vəziyyətin araşdırılmasının da daxil olduğunu bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.