İDMAN
Xarici jurnalistlərlə görüş
Bakı, 22 iyun, AZƏRTAC
İyunun 22-də “Səs” İnformasiya Agentliyində birinci Avropa Oyunlarını işıqlandırmaq üçün Avropanın müxtəlif ölkələrindən Bakıya gələn xarici jurnalistlərlə görüş olub.
AZƏRTAC xəbər verir ki, qonaqlar Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (International Sports Press Association, AIPS) üzvləridir. Onların arasında Serbiya, Bolqarıstan, Estoniya, Xorvatiya, İsveçrə, Malta və digər ölkələrin nümayəndələri var.
“SƏS” media qrupunun rəhbəri Bəhruz Quliyev qonaqları salamlayaraq, davamlı və səmərəli əməkdaşlığa ümid bəslədiyini bildirib. Azərbaycandan, dövlətimizin qısa müddətdə qazandığı uğurlardan söz açan B.Quliyev birinci Avropa Oyunları kimi irimiqyaslı beynəlxalq tədbirin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, Azərbaycanda mətbuat azadlığının yüksək səviyyədə olduğunu və qanunvericilik səviyyəsində təmin edildiyini diqqətə çatdırıb.
Xarici jurnalistlər Azərbaycan barədə təəssüratlarını bölüşüblər. Onlar ölkəmizin yüksək sürətlə inkişaf etdiyini, birinci Avropa Oyunlarının açılış mərasiminə heyran qaldıqlarını bildiriblər.