XARİCİ VALYUTA İLƏ BİRJA TİCARƏTİ 1,9 DƏFƏ ARTMIŞDIR
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, birja valyuta bazarının lider bankları sırasına valyuta bölməsində hərracların ümumi dövriyyəsində bağladıqları əqdlərin sayına görə “Texnikabank”, “UniBank”, “Bank of Baku” kommersiya bankları, Azərbaycan Beynəlxalq Bankı və “CIBANK” açıq tipli səhmdar kommersiya bankı daxil edilmişdir.
BBVB-nin valyuta bölməsinin hərraclarında aprel ayında cəmi 23 bank iştirak etmişdir. Hesabat ayında Elektron Hərracların Birja Sistemində (EHBS) 40 ticarət sessiyası keçirilmiş və 90 əqd bağlanmışdır. ABŞ dolları üzrə hərracların həcmi 82 milyon 537 min AZN və ya 91,094 milyon ABŞ dolları təşkil etmişdir. AVR üzrə əqdlərin həcmi 5,500 min AZN olmuşdur. Ötən ayla müqayisədə valyuta bölməsində hərracların həcmi 21,786 milyon manat və ya 34,5 faiz artmışdır. 2005-ci ilin aprelinə nisbətən xarici valyuta ilə birja hərracı 89,2 faiz və ya 1,9 dəfə çoxalmışdır.
BBVB-də xarici valyuta ilə hərracların həcmi 2006-cı ilin yanvar-aprel aylarının yekunlarına görə 247,420 milyon manat olmuşdur ki, bu da 2005-ci ilin müvafiq dövründəkindən 15,21 faiz azdır.
Hesabat ayında milli valyutanın birja məzənnəsi 0,59 faiz möhkəmlənmiş və 1 USD üçün 0,9090 AZN-dən 0,9036 AZN-dək artmışdır. Nəticədə aprel ayında manatın ABŞ dollarına nisbətən orta hesablanmış məzənnəsi 1 USD üçün 0,9061 AZN-ə bərabər olmuşdur. Ümumilikdə son bir il ərzində milli valyutanın birja məzənnəsi ABŞ dollarına nisbətən 6,29 faiz möhkəmlənmişdir.