DÜNYA
Xarkov-Simferopol qatarı hər gün işləyəcək
Kiyev, 5 avqust (AZƏRTAC). AZƏRTAC Ukrayna İnfrastruktur Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Ukraynanın Cənub Dəmir Yolu sərnişinlərin cənub istiqamətində dəmiryol nəqliyyatı ilə daşınmasına tələbatı təmin etmək üçün avqust ayında Xarkov-Simferopol marşrutu üzrə 81/82 nömrəli qatarın reyslərinin tezliyini iki dəfə artırıb.
Əvvəllər bu marşrut üzrə hərəkət edən 81/82 nömrəli qatar günaşırı reys edirdisə, avqustun 2-dən 31-dək reyslər hər gün olacaqdır. Qatar Xarkovdan yerli vaxtla saat 20:45-də (Bakı vaxtı ilə saat 22.45-də - AZƏRTAC) yola düşür və ertəsi gün səhər saat 08:15-də Simferopola çatır. Əks istiqamətdə qatar yerli vaxtla saat 20.35-də yola düşür və ertəsi gün səhər saat 08:03-də Xarkova çatır.
Nazirliyin mətbuat xidmətində bildiriblər ki, Cənub Dəmir Yolu avqust ayında Xarkov-Simferopol-Xarkov marşrutu üzrə 81/82 nömrəli qatara Krım istiqamətində və geriyə 43.142 bilet təklif edib. Əlavə qatarlar təyin edilməsi sərnişin axını artan dövrdə yerlərin tələb və təklifinin gündəlik monitorinqinin nəticələrinə əsasən həyata keçirilir.
“Ukrzaliznıtsya” (Ukrayna Dəmir Yolları — Ukrayna Dövlət Dəmir Yol Nəqliyyatı Administrasiyası) bundan əvvəl Krım istiqamətində və geriyə hərəkət edən qatarlara biletlərin ilkin satış müddətini cari ilin sentyabr ayının 1-ə qədər uzadıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev