MƏDƏNİYYƏT
Xətai Ələsgərli: Aşıq Ələsgərin abidəsinin ucaldılması bütövlükdə saz-söz sənətinə verilən dəyərdir
Bakı, 2 oktyabr, AZƏRTAC
Bakıda Aşıq Ələsgərin abidəsinin ucaldılması çox mühüm mədəniyyət hadisəsidir. Bunu saz-söz xiridarları, Ələsgərsevərlər uzun illərdir həsrətlə gözləyirdi. Şükür ki, bu arzumuza çatdıq.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri, Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli deyib.
Onun sözlərinə görə, abidə çox möhtəşəmdir: “Hündürlüyü 4 metrdir. Qayanın üzərində aşığın şeirləri əks olunub, həyatına aid tarixlər yer alıb. Həmçinin abidənin iki mərkəzi küçənin kəsişdiyi məkanda ucaldılması bizi çox sevindirir. Aşıq Ələsgərin abidəsinin ucaldılması bütövlükdə saz-söz sənətinə verilən dəyərdir. Milli-mənəvi dəyərlərimizi bu gün yaşatmaq bizi çox sevindirir, qürurlandırır”.
“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin fəaliyyətindən söz açan Xətai Ələsgərli deyib: “Prezident İlham Əliyev 2021-ci ildə Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalamışdı. İctimai Birliyin fəaliyyət göstərməyə başlaması da həmin dövrə təsadüf edir. Biz o vaxtdan indiyədək bir çox tədbirlər təşkil etmişik. Azərbaycan aşıq sənətinə töhfə verən sənətkarlarımızı diqqət mərkəzində saxlayıb, hər birinin yubiley tədbirlərini keçirməyə çalışırıq. İctimai Birlik olaraq, həmçinin kitab təqdimatları, yazıçı və şairlər, şəhid ailələri ilə görüşlər keçiririk. Eyni zamanda, ədəbi məclisimiz də fəaliyyət göstərir. Burada hər birimiz Ələsgər irsini, külliyyatını, şeirlərini təhlil edirik. Gələcək planlarımız arasında ali təhsil müəssisələrində Ələsgərşünaslıq kafedrasının açılması da var. Mən inanıram ki, bu məsələ yaxın gələcəkdə öz müsbət həllini tapacaq. Çünki müasir dövrdə aşıq sənəti yeni istiqamətə yönələrək, inkişaf edir. Dədə-babalarımızdan miras qalan ozan-aşıq sənətini inkişaf etdirmək borcumuzdur”.