CƏMİYYƏT
“Xətdə” Sosial Şəbəkə Akademiyası çərçivəsində Azərbaycanın 40-dan çox şəhər və rayonunda sosial şəbəkələr üzrə təlimlərə start verilir
Bakı, 30 mart (AZƏRTAC). “Xətdə” Sosial Şəbəkə Akademiyası çərçivəsində Azərbaycanın iqtisadi-coğrafi rayonlaşmasına müvafiq olaraq, 40-dan çox şəhər və rayonda sosial şəbəkələr üzrə təlimlərə start verilir.
AZƏRTAC xəbər verir ki, “Xətdə” Sosial Şəbəkə Akademiyasının multipleyerləri tərəfindən keçiriləcək təlimlərdə dünyanın ən böyük sosial şəbəkələri Facebook, Twitter, eləcə də Youtube-dan istifadə və bloqçuluğa geniş yer ayrılacaqdır.
Təlimlər zamanı iştirakçılar “sosial şəbəkələrin yaranması, mahiyyəti və fəlsəfəsi”, “sosial şəbəkələrdən düzgün istifadə alətləri”, “sosial şəbəkələr vasitəsi ilə biznesin inkişafı və PR” və başqa mövzularda praktiki biliklərə yiyələnmək imkanı əldə edəcəklər.
Aprelin ilk həftəsində yerli icra hakimiyyətləri və gənclər və idman idarələrinin dəstəyi ilə Bakı, Gəncə, Lənkəran, Şəki, Biləsuvar, İsmayıllı, Mingəçevir, Yevlax, Qusar, Salyan, Neftçala şəhərləri, Oğuz və Göygöl rayonlarında təlimlərin keçirilməsi planlaşdırılır. Təlimlər haqqında ətraflı məlumat almaq və qoşulmaq üçün http://www.facebook.com/events/177553555727793/ ünvanına daxil olmaq lazımdır.
Qeyd edək ki, “Xətdə” Sosial Şəbəkə Akademiyası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən həyata keçirilir. Layihənin məqsədi region gənclərinin şəbəkələşməsi, gənclərin İT sahəsinə marağının artırılması, Azərbaycanda ilk dəfə olaraq sosial şəbəkələrdən düzgün istifadə üçün alətlərin yaradılması və sosial şəbəkələrin düzgün istifadəsinin təbliğ olunmasıdır.