XƏYYAM MİRZƏZADƏNİN ƏSƏRLƏRİ İFA OLUNMUŞDUR
Bu yaxınlarda isə Metz şəhərində Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru bəstəkar Xəyyam Mirzəzadənin əsərləri fransız musiqiçiləri tərəfindən ifa olunmuşdur.
Bəstəkar AZƏRTAC-ın müxbiri ilə söhbətində demişdir:
- Bir neçə il bundan öncə Fransanın ölkəmizdəki səfirliyi bəstəkar Pyer Tilunun Bakıya səfərini təşkil etmişdi. Həmin vaxt onunla yaxından tanış oldum. O, vətəninə qayıdarkən özü ilə Azərbaycan bəstəkarlarının çoxlu notlarını apardı. Həmin əsərlər arasında mənim hələ 1958-ci ildə bəstələdiyim miniatürlər də var idi. O vaxtdan P.Tilun fransız musiqiçiləri ilə birlikdə bir neçə dəfə Bakıda oldu və Azərbaycan bəstəkarlarının əsərlərini ifa etdi. Bu arada mən daha dörd pyes bəstələdim və onları həmkarıma yolladım. Bu günlərdə Metz şəhərinin “Arsenal” konsert salonunda “Mənəviyyat musiqisi” devizi altında keçirilmiş musiqi festivalında əsərlərimin ifası ilə bağlı mən də Fransaya dəvət olunmuşdum.
Festivalda dünya musiqisinin korifeyləri Borodinin, Şostakoviçin və digər bəstəkarların əsərləri ilə yanaşı, mənim əsərlərim də səsləndi və fransız dinləyiciləri tərəfindən böyük rəğbətlə qarşılandı.
Xəyyam Mirzəzadənin əsərləri yaxın vaxtlarda fransız musiqiçiləri tərəfindən Bakıda ifa olunacaqdır.