Xəzər rayonunda kiçikhəcmli gəmilərin istifadəçiləri ilə maarifləndirici söhbət aparılıb
Bakı, 15 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti nazirliyin Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə fevralın 15-də maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Xəzər rayonunun Buzovna qəsəbəsində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak ediblər. İstifadəçilərə bu tip gəmilərin təchizat avadanlığı və istismar qaydaları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə müvafiq sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb.
Tədbirdə kiçikhəcmli gəmilərin sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndirilib.
Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlığı və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanıb.