CƏMİYYƏT
Xəzər rayonunun Binə qəsəbəsində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb
Bakı, 8 may, AZƏRTAC
Binə qəsəbəsində Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu Şəhidlər xiyabanında bir müddətdir davam edən təmir-tikinti işləri başa çatıb. Mayın 8-də Xəzər rayonunun rəhbərliyi və ictimaiyyət nümayəndələri xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu Şəhidlər xiyabanını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə icra hakimiyyətinin başçısı Elşən Salahov, deputatlar Soltan Məmmədov, Rauf Əliyev, Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və şəhid ailələrinin üzvləri iştirak edib.
Tədbirdə çıxış edənlər şəhidlərimizin keçdikləri şərəfli döyüş yolundan, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan danışıblar.
Milli Məclisin deputatı Soltan Məmmədov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə xüsusi diqqətlə və həssaslıqla yanaşdığını vurğulayıb. Qırx dörd gün davam edən Vətən müharibəsinin məhz igid, qəhrəman oğullarımızın fədakarlığı sayəsində tarixi Qələbəmizlə başa çatdığını qeyd edib. Torpaqlarımızın azadlığı uğrunda yüzlərlə qəhrəmanın öz canından keçdiyini deyən S.Məmmədov bildirib ki, şəhidlərimizin xatirəsinə ucaldılan ən möhtəşəm abidə məhz işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işləridir. Deputat Binə qəsəbəsindəki Şəhidlər xiyabanının təmiri və abadlaşdırılması ilə bağlı təşəbbüsün müəllifi olmasından fəxr hissi keçirdiyini diqqətə çatdırıb.
Şəhid Bəhram və İman Məmmədzadə qardaşlarının atası Elman Məmmədzadə, şəhid Şirvani Həsənağa Bəhruz oğlunun anası Şəfəq Rəfiyeva çıxış edərək, Vətən müharibəsində xüsusi şücaət göstərmiş şəhidlərin ailələrinə və sağlamlıqlarını itirmiş hərbçilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra şəhidlərin məzarları üstünə əklil qoyulub və gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, əziz xatirələri ehtiramla yad edilib. Şəhidlərin xatirəsinə ehtiramın ifadəsi olaraq ağacəkmə aksiyası keçirilib.
Qeyd edək ki, Binə Şəhidlər xiyabanında Vətən müharibəsinin 21 şəhidi dəfn olunub.
Xatırladaq ki, Xəzər rayonu Vətən müharibəsində 48 şəhid verib.