SİYASƏT
XƏZƏRYANI DÖVLƏTLƏR ARASINDA APARILAN DANIŞIQLAR ƏHƏMİYYƏTLİ NƏTİCƏLƏRİN ƏLDƏ OLUNMASINA İMKAN YARATMIŞDIR
Hazırda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi və onun mövcud hüquqi rejiminin müasir tələblərə uyğunlaşdırılması sahilyanı dövlətlər qarşısında duran vacib məsələlərdən biridir. Azərbaycanın xarici işlər naziri Vilayət Quliyev bu sahədə danışıqların nəticələri barədə AZƏRTAC-ın müxbirinin sualına cavab verərək demişdir: Son illər Xəzəryanı dövlətlər arasında aparılan danışıqlar əhəmiyyətli nəticələrin əldə olunmasına imkan yaratmışdır. Bu baxımdan Xəzərin hüquqi statusunun bir sıra parametrləri üzrə mövqelərin yaxınlaşmasını və ya üst-üstə düşməsini qeyd etmək olar. Məlum olduğu kimi, Azərbaycan, Qazaxıstan və Rusiya arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında sazişlər imzalanmışdır. Həmin sazişlərə görə, Xəzər dənizinin dibi orta xətt prinsipi əsasında bölünmüşdür. Azərbaycan Prezidentinin 2002-ci ilin may ayında İrana rəsmi səfəri ilə Xəzərin statusu üzrə Azərbaycan-İran ikitərəfli danışıqlarının təməli qoyulmuşdur. Həmin səfərdən sonra bu sahədə müəyyən razılıqlar əldə olunmuş, mövcud fikir ayrılıqlarının tezliklə aradan qaldırılacağına ümid yaranmışdır.