XƏZƏRYANI ÖLKƏLƏRİN QARA KÜRÜ İXRACININ KVOTASI ARTACAQ
Yeni kvota müəyyən olunarkən Xəzər hövzəsi ölkələrinin təqdim etdikləri informasiyalar, habelə beynəlxalq ekspertlərin fəaliyyətinin nəticələri əsas götürülmüşdür. Ekspertlər təsdiq edirlər ki, region dövlətləri külli məbləğdə qazancdan imtina edərək, nərə balığı ovunun nizama salınmasına hazır olduqlarını göstərirlər.
Azərbaycanda nərə balıqları populyasiyasının bərpasına dair planlı iş aparılır. Belə ki, yaxın vaxtlarda Neftçala rayonunda ildə 15 milyon körpə nərə balığı yetişdirə biləcək zavod işə salınacaqdır. Zavod Dünya Bankı tərəfindən maliyyələşdirilən “Təxirəsalınmaz ekoloji sərmayələr” layihəsi çərçivəsində inşa edilmişdir. Onun tikintisinə 9 milyon dollar ayrılmışdır. Mütəxəssislərin fikrincə, yeni zavod Xəzər dənizində nərə balıqları ehtiyatlarını artırmağa imkan verəcəkdir, çünki belə müəssisələrdə yetişdirilən körpə balıqların sağqalma göstəriciləri təbii şəraitdəkindən xeyli yüksəkdir.
Əvvəllər Azərbaycanda Kür çayında və onun deltasında nərə və ağ balıq yetişdirmək üzrə ixtisaslaşdırılmış və ildə 12 milyon körpə balıq yetişdirən üç zavod fəaliyyət göstərirdi. Lakin Xəzərin səviyyəsi qalxdığına görə, zavodların ikisi dayanmağa məcbur olmuşdur.