SİYASƏT
XİN: Azərbaycan Barselonada törədilmiş terror aktlarını qəti şəkildə pisləyir
Bakı, 18 avqust, AZƏRTAC
İspaniyanın Barselona şəhərində törədilmiş terror aktlarını qəti şəkildə pisləyirik. Terror hücumları nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Barselonada törədilmiş terror aktları ilə bağlı açıqlamasında yer alıb.
Açıqlamada deyilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi Azərbaycan Respublikası terrorizmin bütün forma və təzahürlərini kəskin şəkildə qınayır. Barselonada törədilmiş terror hücumları ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniya kralı VI Felipeyə başsağlığı məktubu ünvanlayıb. Xarici işlər naziri Elmar Məmmədyarov da İspaniyanın xarici işlər naziri Alfonso Maria Dastisə başsağlığı məktubu göndərib.
Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyindən verilən məlumata görə, Barselonada törədilmiş terror hücumlarında həlak olan və yaralananlar arasında bu vaxta qədər Azərbaycan vətəndaşlarının olması qeydə alınmayıb. Səfirliyimiz İspaniyanın müvafiq qurumları ilə təmasları davam etdirir.
Terror hadisəsinin qurbanı olan bir neçə şəxs var ki, hələ onların şəxsiyyəti müəyyən olunmayıb. Əlavə məlumat olduğu təqdirdə KİV-ə və ictimaiyyətə xəbər veriləcək.