REGİONLAR
Xırdalanda Nəbi Xəzrinin anadan olmasının 95 illiyi qeyd edilib
Xırdalan, 4 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeronlular öz həmyerliləri - Xalq şairi, görkəmli ictimai xadim, publisist, dramaturq Nəbi Xəzrinin anadan olmasının 95 illiyini qeyd ediblər. Bu münasibətlə Xırdalan şəhərindəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, N.Xəzrinin ailə üzvləri və rayon ictimaiyyəti iştirak edib.
AZƏRTAC xəbər verir ki, yubiley tədbirində bildirilib ki, Nəbi Babayev (Xəzri) 1924-cü il dekabrın 10-da Xırdalan şəhərində tacir ailəsində dünyaya gəlib. Üç qardaşını və atasını erkən yaşlarında itirən, gəncliyi Böyük Vətən müharibəsinə təsadüf edən, müharibənin ağrılı-acılı günlərini yaşayan, arxa cəbhədə döyüşən gənc Nəbi cəmiyyətdə özünə böyük yer tutmasına səbəb onun əzmkarlığı, öz üzərində daim çalışması, təhsilə, elmə böyük önəm verməsi, çalışqanlığı və gələcəyə olan ümidi olub. O, orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətinə 1943-1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor kimi başlayıb, Azərbaycan radiosunda diktor vəzifəsində çalışıb. 1945-ci ildə Yazıçılar İttifaqına üzv seçilib, 1945-1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947-1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949-1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb.
Nəbi Xəzri sonra ölkəmizin müxtəlif mətbu orqanlarında çalışıb və 1958-1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini, 1971-1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləyib. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olub. Nəbi Xəzri 2007-ci ilin yanvarın 15-də vəfat edib, ayın 16-da I Fəxri xiyabanda dəfn edilib.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova Abşeron torpağının Azərbaycanın ictimai-siyasi, ədəbi-bədii həyatına bir çox görkəmli ictimai xadimlər, şəxsiyyətlər bəxş etdiyini qeyd edib. Onlardan biri də heç şübhəsiz ki, Nəbi Xəzridir. Azərbaycanda şair, nasir, dramaturq, publisist, tərcüməçi kimi tanınan Nəbi Xəzri, həm də ictimai xadim kimi xalqın ürəyində özünə məhəbbət yarada bilib. Onun poeziyamızın inkişafındakı, Azərbaycan ədəbi-bədii dilinin çalarlarının genişlənməsindəki rolu, dövlətçiliyimizin və müstəqilliyimizin tərənnümündəki fəaliyyəti danılmaz faktlardandır.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Nəbi Xəzri şeiriyyətindəki axıcılıq, dil, üslub, sevgi, həssaslıq, Vətənə, torpağa bağlılıq bəstəkarların da diqqətini çəkib və şairin əsərlərinə bir çox mahnılar bəstələnib.
Şairin oğlu Arzu Babayev atasına göstərilən ehtirama, diqqətə görə Prezident İlham Əliyevə təşəkkür edib. O, N.Xəzrinin adının əbədiləşdirilməsi istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən də böyük işlər görüldüyünü, Xırdalandakı küçələrdən birinə onun adının verildiyin minnətdarlıq hissi ilə qeyd edib.
Sonra tanınmış incəsənət ustaların iştirakı ilə Nəbi Xəzrinin şeirləri səsləndirilib, şeirlərinə bəstələnmiş mahnılar oxunub və dram əsərlərindən hissələr canlandırılıb.