Xırdalandakı küçələrdən birinə şəhidin adı verilib
Xırdalan, 30 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Abşeron rayonun inzibati mərkəzi olan Xırdalan şəhərinin Bakı- Şamaxı istiqamətində yerləşən yaşayış massivində yerləşən küçələrdən birinə şəhid Vüsal Salahlının adı verilib. Bu münasibətlə üzərində V. Salahlının anadan olduğu və şəhid olduğu tarix əks olunduğu xatirə lövhəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində rayon rəhbərliyi, şəhidin yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov şəhid Vüsal Salahlının qəhrəmanlığının gənclərimiz üçün gözəl örnək olduğunu diqqətə çatdırıb. F. Cəbrayılov bu gün qüdrətli Azərbaycan Ordusunun öz torpaqlarını hər an azad etməyə hazır olduğunu, dövlət-xalq-ordu birliyinin sarsılmazlığını vurğulayıb.
Mərasimdə şəhidin atası Şənbə Salahov çıxış edərək övladının xatirəsinə göstərilən ehtirama və şəhid ailələrinə olan diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Şəhidin anası Kəbirə Salahova bildirib ki, Vətən öz şəhidləri ilə fəxr etdiyi kimi, o da bir ana kimi oğlu ilə qürur duyur və Azərbaycanın bütün torpaqlarının işğaldan tezliklə azad olunmasın arzulayır. Yaşadığı ərazidə küçəyə oğlunun adının verilməsinə və adının əbədiləşdirilməsinə görə rayon rəhbərliyinə təşəkkürünü bildirib və çıxışını “Azərbaycanın üçrəngli bayrağı Şuşada ucalıb-dalğalanarsa, şəhidlərimizin də ruhu Tanrı dərgahında rahat olar” sözləri ilə bitirib.
Sonra şəhidin yaxınları birlikdə lövhənin üzərindən örtüyü götürüblər. İştirakçılar lövhənin önünə tər gül dəstələri qoyublar.