Xocalı faciəsinə həsr olunmuş “Düşmən laylası” adlı qısametrajlı filmin təqdimatı olmuşdur
Bakı, 26 fevral (AZƏRTAC, Əziz Məmmədov). Beynəlxalq Mətbuat Mərkəzində Xocalı faciəsi barədə “Düşmən laylası” adlı qısametrajlı filmin təqdimatı olmuşdur.
Tədbir iştirakçıları Xocalı faciəsi qurbanlarının, habelə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Filmin ssenari müəllifi Altay Yaşar AZƏRTAC-a müsahibəsində demişdir ki, əsas məqsəd XX əsrin ən dəhşətli cinayətlərindən biri olan Xocalı faciəsi barədə acı həqiqəti beynəlxalq ictimaiyyətə yeni rakursda təqdim etməkdir. O demişdir: “Film 15 gün ərzində İsmayıllıda çəkilmişdir. Filmdə biz Xocalı faciəsinə soyqırımı qurbanına çevrilmiş 5 yaşlı qızın gözü ilə baxmağa çalışmışıq”.
Ssenari müəllifi onu da bildirmişdir ki, film bir neçə dilə tərcümə olunacaqdır. Filmin müəllifinin qabartmağa çalışdığı aspekt Xocalı faciəsi zamanı balaca Ayanın anasına verdiyi suallardır. Baş verən hadisələri dərk etməyən, anasının başına nə gəldiyini bilməyən Ayan bütün film boyu bu suallara cavab axtarır. A.Yaşar unikal yanaşma ilə tamaşaçıların qəlbinin ən zərif tellərinə toxunmağa və bu suala cavab tapmağa çalışmışdır: Nə üçün dünya ictimaiyyəti indiyə qədər Xocalı soyqırımına lazımi qiymət verməyib?
Filmin rejissoru Elxan Cəfərov, bəstəkarı Nailə Mirməmmədli, operatoru Tanrıverdi Tanrıverdiyevdir.