Xocalı müasir tariximizdə ən acılı, uşaqlıq illərimizin ən kədərli hekayələrindən biridir
Madrid, 27 fevral (AZƏRTAC). Xocalı faciəsini anma tədbirlərinin çox vacib olduğunu düşünürəm. Çünki Dağlıq Qarabağ probleminin həllində birbaşa həlledici rolu olmasa belə bu tədbirlər bu gün Ermənistan səfirliyində olduğu kimi, ermənilərin özlərini narahat və gərgin hiss etmələrinə səbəb olur və onlara məxsus olmayan torpaqlarda məskən salıb yaşadıqlarını yenidən xatırladır.
Bu sözləri fevralın 26-da Ermənistanın İspaniyadakı səfirliyinin qarşısında etiraz aksiyası keçirən həmvətənlərimizdən biri Anar Babazadə AZƏRTAC-a müsahibəsində söyləmişdir.
O demişdir: “Xocalı bizim müasir tariximizdə ən acılı, uşaqlıq illərimizin ən kədərli hekayələrindən biridir. Bunu nəinki bizim, həmçinin gələcək nəsillərin də lazımi şəkildə yaddaşına həkk etmək borcumuzdur”.
A.Babazadə azərbaycanlıların İspaniyanın Barselona, Akorunya, Santyaqo de Kompostela, Alikante və digər şəhərlərindən etiraz aksiyasında iştirak etmək üçün Madridə gəlmələrini onların faciəyə etinasız olmamalarının sübutu kimi qiymətləndirmişdir. “Qürurla vurğulaya bilərəm ki, bu gün bir daha birləşərək haqsızlığa qarşı öz etiraz səsimizi eşitdirmək iqtidarındayıq. Bundan əlavə, aksiyamıza Qırğızıstan və Səudiyyə Ərəbistanından olan dostlarımız da qoşulmuşdular. Düşünürəm ki, digər xalqlardan olan dostlarımızın Qarabağ reallıqlarından xəbərdar olmaları sevindirici haldır”, - deyə A.Babazadə bildirmişdir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid