Xocalı qətliamını törədənlər gec-tez cəzalandırılacaqlar
Bişkek, 26 fevral (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfirliyi bu ölkənin Milli Kitabxanasının akt zalında Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirmişdir.
Mərasimdə Qırğızıstanın dövlət və hökumət strukturlarının təmsilçiləri, parlament üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun, hüquq müdafiə təşkilatlarının, beynəlxalq qurumların nümayəndələri, Azərbaycan diasporunun fəalları, ziyalılar və başqaları iştirak etmişlər.
Mərasimdən əvvəl Xocalı soyqırımını əks etdirən fotoşəkillər və kitablardan ibarət sərgi nümayiş olunmuş, iştirakçılara Xocalı faciəsi ilə bağlı məlumatlar toplusu təqdim edilmişdir.
Mərasimdə Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilmiş və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Xocalı soyqırımı haqqında ətraflı məlumat vermişdir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni işğalçı qüvvələrinin blokada şəraitində olan Xocalı şəhərinə ağır texnika, tank və iriçaplı silahlarla hücuma keçdikləri bildirilmişdir. Qeyd edilmişdir ki, Xocalı soyqırımı XX əsrin sonlarında ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət kimi tarixə düşmüşdür.
Səfir Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının, erməni vandalizminin mahiyyətini, ermənilərin iç üzünü açmağın vacibliyini vurğulamışdır. Diplomat bu vəhşiliklərin cavabsız qalmayacağını, Azərbaycanın bütün mövcud imkanlardan istifadə edərək, Prezident İlham Əliyevin uzaqgörən siyasəti sayəsində öz torpaqlarını işğaldan azad edəcəyini və işğalçıların layiqincə cavablarını alacaqlarını bildirmişdir.
Hidayət Orucov demişdir ki, Xocalı soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra Xocalıda törədilən cinayətlərə siyasi və hüquqi qiymət verilmişdir.
Sonra Qırğız Respublikasının Prezident Aparatının şöbə müdiri xanım Mira Karıbayeva çıxış edərək Xocalıda dinc əhalinin qəddarlıqla qətlə yetirilməsini pisləmişdir. M. Karıbayeva ölkələrimiz arasında olan sıx münasibətlərin bundan sonra da davam edəcəyini vurğulamış və bu sahədə Azərbaycanın Qırğızıstandakı səfirliyinin fəaliyyətini yüksək qiymətləndirmişdir.
Türkiyənin Qırğızıstandakı səfiri Metin Kılıç, Qırğız-Türk “Manas” Universitetinin rektoru Səbahattin Balcı, Böyük Vətən Müharibəsi veteranı Əsəd Həsənov, “Saabat” Tədris Mərkəzinin direktoru Orhan İnandı, “Azəri” İctimai Birliyinin sədri Əziz Əliyev, təhsil işçisi Alla Qurbanova və Qırğızıstan Diplomatik Akademiyanın tələbəsi Elvin Babayev Xocalı soyqırımı və erməni təcavüzü barədə fikirlərini bölüşmüşlər.
Bildirilmişdir ki, ermənilərin işğalçılıq siyasəti təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükədir. Onlar Xocalı soyqırımının Qırğızıstan ictimaiyyətinə daha geniş çatdırılmasının və Qırğızıstan dövləti tərəfindən bu faciəyə hüquqi qiymət verilməsinin vacibliyini vurğulamışlar.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek