Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir
Neftçala, 25 fevral, Mahir Babayev, AZƏRTAC
Neftçalada Xocalı faciəsi ilə bağlı keçirilən anım mərasimi şəhərin mərkəzi meydanında faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önündən başlanıb.
AZƏRTAC xəbər verir ki, rayonun yüzlərlə sakini, icra strukturlarının rəhbərləri abidə önünə gül dəstələri düzərək şəhid xocalılıların xatirəsinə ehtiramlarını bildiriblər.
Bu dəhşətli hadisədən 25 il ötsə də, xalqımızın Xocalı yarası hələ də sızıldayır. Qətliamın qurbanlarını anan neftçalalılar təəssüf hissi ilə qeyd ediblər ki, dünya təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş cinayətə hələ də lazımi reaksiya vermir və bu səbəbdən insanlıq tarixində yeni-yeni faciələr yaşanır.
Sonra rayondakı Heydər Əliyev Mərkəzində uşaqların Xocalı qətliamına həsr etdikləri rəsm əsərlərinə baxış olub. Özfəaliyyət kollektivlərinin təqdim etdiyi "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya mərasim iştirakçılarını bir daha o ağır günlərə qaytarıb.
X X X
Salyan rayonunda Xocalı faciəsinin 25-ci ildönümü bir sıra tədbirlərlə anılıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının abidə kompleksi önünə gül dəstələri düzüblər. Sonra Milli Qəhrəman Nazim Babayevin büstü ziyarət olunub, Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
Faciə qurbanlarını yad edən salyanlılar dünyanı Xocalıdan ibrət dərsi almağa və bu soyqırımı aktını törədən erməni vandallarına qarşı amansız olmağa çağırıblar.
Mərasim məktəblilərin təqdim etdiyi ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.