Xocalı soyqırımının günahkarları beynəlxalq məhkəməyə verilməlidirlər
Bakı, 25 fevral, AZƏRTAC
Xocalı soyqırımının günahkarları beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.
Bu fikir Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçirilən “Şəhid şəhər-Xocalı” adlı elmi sessiyada səsləndirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə sessiya iştirakçıları soyqırımı qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər.
İnstitutun ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya elmləri doktoru Kamandar Şərifov erməni silahlı dəstələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi kütləvi qırğınlardan danışıb. Ümummilli lider Heydər Əliyevin Xocalı hadisələrinə ilk dəfə siyasi-hüquqi qiymət verdiyi diqqətə çatdırılıb.
İnstitutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov Xocalıda baş verənlərin birmənalı şəkildə soyqırımı olduğunu bildirib. O, beynəlxalq aləmin bu gün də Xocalı hadisələrinə ikili standartdan yanaşdığını söyləyib. Ə.Nəcəfov Azərbaycan dövlətinin uğurlu xarici siyasəti nəticəsində bu gün dünyanın bir çox ölkələrində Xocalı soyqırımının tanındığını diqqətə çatdırıb. Qeyd edib ki, bununla yanaşı, hələ bu istiqamətdə işlər davam etdirilməlidir.