QAN YADDAŞI
Xocalılıların yürüşü: “Haaqa tribunalı günahkarları gözləyir” VİDEO
Goranboy, 26 fevral, Rauf Hacıyev, AZƏRTAC
Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşan xocalılı məcburi köçkünlər XX əsrdə dünya tarixinə Xocalı soyqırımı kimi daxil olan müdhiş faciənin 25-ci ildönümü münasibətilə fevralın 26-da ümumrayon yürüşünə çıxıblar.
AZƏRTAC xəbər verir ki, yürüşdə Xocalı Rayon İcra Hakimiyyətinin rəsmiləri və qəsəbə sakinləri iştirak ediblər.
Aşağı Ağcakəndin Bayraq Meydanından qəsəbə mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəyə doğru hərəkətə başlayan və 4 min insanın iştirak etdiyi yürüşün məqsədi faciə qurbanlarının xatirəsini ehtiramla yad etmək, erməni faşistləri tərəfindən bəşəriyyətə qarşı törədilmiş bu vəhşi cinayəti yenidən dünya ictimaiyyətinin diqqətinə çatdırmaq idi.
Respublikamızın digər bölgələrində olduğu kimi, Aşağı Ağcakənd qəsəbəsində keçirilən yürüş də izdihamlı keçib.
Lakin ümumrayon yürüşünün iştirakçılarını digər bölgələrdə keçirilən iştirakçılardan fərqləndirən cəhət o idi ki, hər bir iştirakçı bu qanlı faciədə qətlə yetirilən 613 nəfərdən biri kimi öz ailə üzvlərinin, yaxın qohumlarının portretlərini və soyqırımı qurbanlarının adları yazılmış lövhələri tutmuşdular. Erməni faşistləri tərəfindən məhv edilən 8 ailənin üzvlərinin şəkillərini və adları qeyd olunmuş lövhələri rayonun digər sakinləri aparırdılar. Xüsusi amansızlıqla öldürülən 63 uşağın şəklini isə bu gün onların yaşıdları olan gənclər daşıyırdılar.
Digər iştirakçılar isə əllərində dəhşətli faciənin, qanlı qırğının günahsız qurbanlarının - xüsusi qəddarlıqla qətlə yetirilmiş uşaqların, qadınların və qocaların portretləri, 25 il bundan əvvəl törədilmiş qırğının dəhşətli səhnələrini əks etdirən fotoşəkillər, faciənin təqsirkarlarından cavab tələb etmək, onları cəzalandırmaq, bu soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət vermək barədə çağırışlar, soyqırımı qurbanlarının adlarının və soyadlarının əks olunduğu plakatlar və transparantlar tutmuşdular.
Yürüş iştirakçıları səsgücləndiricilər vasitəsilə “Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətdir!”, “Serj Sarkisyan - körpələrin qatili!”, “Serj Sarkisyan, Haaqa tribunalı səni gözləyir!”, “Məzarsız şəhidlərimizin məzar daşı bizlərik!”, “Cocuq Mərcanlıdan başlayan böyük qayıdış Xocalıda, Şuşada, Xankəndidə başa çatacaq!”, “Xocalıya çağırış var, Xocalıya qayıdış var, Xocalıya dönüş var!”, “Tökdüyünüz şəhid qanları sizin ölüm fərmanınız olacaq!” və s. çağırışlar və şüarlar səsləndirdilər.
Düşmənə qarşı böyük nifrət və kinlə irəliləyən kütlənin yürüşü qəsəbənin mərkəzində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etməklə və önünə gül dəstələri qoymaqla başa çatıb.