Xocavəndlilər Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad ediblər
Beyləqan, 27 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xocavəndlilər 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini Beyləqan rayonu inzibati ərazisində salınmış 500 ailəlik Xocavənd qəsəbəsindəki Şəhidlər məzarlığında anıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları, veteranlar, N saylı hərbi hissənin əsgər və zabitləri və rayon ictimaiyyəti nümayəndələri şəhidlərin məzarları önünə tər qərənfillər düzüb, ruhlarına dualar oxuyublar.
Mərasimdə çıxış edənlər birinci və ikinci Qarabağ müharibələri zamanı şəhid olmuş bütün Vətən övladlarına Uca tanrıdan rəhmət, ailə üzvlərinə isə səbir diləyiblər. Bildirilib ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qüdrətli Azərbaycan Ordusunun əzmkarlığı, qəhrəmanlığı və şücaəti nəticəsində 44 gün davam edən müharibə ilə tamamilə son qoyuldu. Azərbaycan Vətən müharibəsindən sonra nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu, həm də bütün regionda yeni siyasi reallıqlar yaratdı. Bu yeni reallıqla indi Cənubi Qafqazda siyasi təsir imkanları uğrunda mübarizə aparan qlobal güclər belə hesablaşmağa məcburdur. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda, yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Azərbaycanın müzəffər ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.
Çıxışlarda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən 44 günlük Vətən müharibəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığı və əldə olunmuş qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığı bildirilib.
Sonda Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları şeirlərdən ibarət ədəbi-bədi kompozisiya nümayiş etdirilib.