XRİTDX Avstriyada beynəlxalq konfransda: Nüvə infrastrukturlarında kibertəhlükəsizlik riskləri nəzərdən keçirilib
Bakı, 14 may, AZƏRTAC
Avstriyanın Vyana şəhərində yerləşən Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən “Nüvə Dünyasında Kompüter Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans – CyberCon26” keçirilib. Konfransda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşı Günay Əbdiyeva-Əliyeva “Nüvə obyektlərində proaktiv təhdid aşkarlanması üçün süni intellekt əsaslı kibertəhlükəsizlik və rəqəmsal ekspertiza çərçivəsi” və “Nüvə obyektlərində qabaqcıl davamlı təhdidlərin (APT), daxili təhdidlərin və ICS zəifliklərinin süni intellekt əsaslı aşkarlanması və qarşısının alınması” mövzularında təqdimatlarla çıxış edib.
Bu barədə AZƏRTAC-a Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən məlumat verilib.
Konfransda nüvə infrastrukturlarında kibertəhlükəsizlik riskləri, süni intellekt əsaslı təhdid aşkarlanması, rəqəmsal ekspertiza yanaşmaları, ICS/OT mühitlərinin qorunması və kritik infrastrukturlar üçün qabaqlayıcı təhlükəsizlik mexanizmləri kimi mühüm mövzular müzakirə olunub.
Qeyd edək ki, “CyberCon26” konfransı nüvə təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən beynəlxalq ekspertləri, tədqiqatçıları və dövlət qurumlarının nümayəndələrini bir araya gətirən mühüm beynəlxalq platformalardan biridir.