Xüsusi amansızlığı ilə fərqlənən Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir
Bakı, 27 fevral, AZƏRTAC
1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının şəxsi heyətinin bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini zəbt edərək, xalqımıza qarşı soyqırımı siyasəti həyata keçiriblər. Xüsusi amansızlığı, qurbanların sayının çoxluğu ilə fərqlənən Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş cinayətdir.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, bu fikirlər səfir Elxan Qəhrəmanın “Al-Nahar” qəzetində dərc edilən “Xocalı Soyqırımı-25” sərlövhəli müsahibəsində yer alıb.
Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən, Xocalı soyqırımından və onun başvermə səbəblərindən bəhs edərək deyib: “Bu il Azərbaycanın XX əsr tarixində ən ağır səhifələrindən biri olan Xocalı soyqırımının 25-ci ildönümü yad edilir. Xocalı qətliamı zamanı şəhər tamamilə dağıdılıb, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, habelə 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb, 197 nəfər isə itkin düşüb. Bu kütləvi qırğın zamanı 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib”.
E.Qəhrəman Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycanın 20 faiz torpaqlarının işğal edildiyini, bir milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini deyib. Xocalı soyqırımından sonra beynəlxalq kütləvi informasiya vasitələri bu soyqırımını yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilən qətliam kimi xarakterizə ediblər. Bu baxımdan bir sıra yerli və beynəlxalq jurnalistlər hadisə yerini yaxından ziyarət edərək şahidi olduqlarını təfsilatı ilə yazıblar. Bu jurnalistlərdən biri olan fransız Jan-iv Yunet belə yazırdı: “Biz Xocalı faciəsinin şahidi olduq, yüzlərlə öldürülmüş günahsız insan meyiti gördük. Bunlar qadınlar, uşaqlar və qocalar idilər. Bizə alçaqdan uçan vertolyot verdilər. Xocalıda nə baş verdiyinin şahidi olduq. Ermənilər bizi atəşə tutduqlarından çəkilişi axıra çatdıra bilmədik. Mən müharibədə çox şeylərin olduğunu, alman əsgərlərinin qəddarlığını eşitmişəm, amma ermənilər onları ötüb keçdilər. Onlar 5-6 yaşlı uşaqları da vəhşicəsinə öldürmüşdülər”.
Sonra səfir Xocalı faciəsi ilə bağlı ermənilərin özlərinin etdikləri etiraflardan danışıb: “Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan etiraflarında belə deyib - Xocalı faciəsinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar. Onlar elə bilirdilər ki, ermənilər mülki vətəndaşlara əl qaldırmazlar. Biz isə bu stereotipi sındıra bildik. Orada nə baş verdi...
Hazırda Livanda yaşayan erməni şahid, yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin azərbaycanlıların başlarına gətirdikləri müsibətləri “Xaç uğrunda” (19-76-cı səhifələrində) kitabında fəxrlə xatırlayaraq belə yazır: “Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Beləcə, mən 1200 meyitin üstündən keçdim”.
Yazıçı-şair Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında Xocalıda törətdikləri soyqırımı haqqında belə yazır: “Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu”.
Səfir E.Qəhrəman, həmçinin ermənilərin törətdikləri vəhşiliklərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün ötən illərdə Azərbaycanın təşkil etdiyi bir sıra tədbirlərdən, Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırılması məqsədilə xarici dillərdə kitabların nəşrindən danışıb. Bildirib ki, Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun beynəlxalq səviyyədə tanıdılması məqsədilə Heydər Əliyev Fondu olduqca fəal və məqsədyönlü işlər aparır. Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası başlayıb. Kampaniya bu günə qədər dünyanın 35-dən çox ölkəsində yüzlərlə könüllü tərəfindən həyata keçirilib.
“Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığı nəticəsində xalqımıza qarşı həyata keçirilmiş təcavüzlər beynəlxalq ictimaiyyət tərəfindən pislənilib, həmçinin İslam Əməkdaşlıq Təşkilatı tərəfindən bir sıra qərar və qətnamələr qəbul edilib. Bu qətnamələrdə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmaları tələb olunur. Təkcə BMT-nin Təhlükəsizlik Şurası tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı 822, 853, 874, 884 saylı dörd və Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyətlə bağlı BMT-nin Baş Assambleyası tərəfindən 60-285, 62-243 saylı qətnamələr qəbul edilib”, - deyə səfir vurğulayıb.
Azərbaycanın istəyinin bu cür cinayətlərin gələcəkdə təkrar olunmaması üçün həmin hadisəyə beynəlxalq səviyyədə obyektiv hüquqi-siyasi qiymətin verilməsi olduğunu deyən səfir bildirib: “Biz sülh danışıqlarına inanır, Azərbaycana qarşı təcavüzkar siyasətini təxminən 25 ildir ki, davam etdirən və torpaqlarımızın 20 faizini işğal altında saxlayan Ermənistanın beynəlxalq qətnamələri icra edəcəyini gözləyirik.
İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 2015-ci il mayın 27-28-də Küveytdə keçirilmiş 42-ci sessiyasında Xocalı faciəsinin soyqırımı aktı olduğu bir daha təsdiqlənib. Sessiya 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən mülki azərbaycanlılara qarşı həyata keçirilən qətliamın soyqırımı aktı olduğunu bəyan edib, İƏT-ə üzv dövlətləri bu cinayətin insanlığa qarşı törədilmiş kütləvi qırğın aktı kimi beynəlxalq və milli səviyyələrdə tanınması üçün lazımi səylər göstərməyə çağırıb.
Dost Küveyt işğal və təcavüzü daim pisləyir, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul olunmasında qardaş mövqeyi nümayiş etdirir. Azərbaycan Hökuməti və xalqı bu mühüm məsələdə Küveytin qardaşlıq dəstəyini yüksək qiymətləndirir”.