İDMAN
Yana Alekseyevna: Dünyanın ən məşhur boks ulduzları Bakıya yığışıb
Bakı, 21 iyun, A.Yadigarov, S.Allahverdiyeva, AZƏRTAC
Bu qələbə mənə möcüzə kimi görünür. Sevinc hisslərimi sözlə ifadə etmək mənim üçün çox çətindir. Döyüş çox çətin keçdi. Çünki bu rəqibimlə əvvəllər də qarşılaşmışdım və görüş onun xeyrinə başa çatmışdı. Xatırlayıram ki, mən ona ilk dəfə məğlub olanda başımı belə qaldıra bilmirdim.
Bu sözləri AZƏRTAC-a müsahibəsində birinci Avropa Oyunlarında ölkəmizi boks yarışlarında təmsil edən qadınlardan ibarət milli komandanın üzvü Yana Alekseyevna finlandiyalı boksçu Mira Potkinen üzərində qazandığı təmiz qələbədən sonra deyib.
Azərbaycan boksçusu azarkeşlərin dəstəyini xüsusi vurğulayıb: "Qələbəmdə azarkeşlərin və atamın, eyni zamanda, məşqçimin rolu çox böyükdür. İlk dəfədir ki yarışlarda belə azarkeş dəstəyi görürdüm. Tribunadan komandamızın digər üzvlərinin səsini də eşidirdim. Hər dəfə yorulanda onların dəstəyi məni daha da ruhlandırdı və daha inamla döyüşməyə başladım. Həmin an içimdə yalnız revanş almaq keçirdi. Biz hər şeyi Azərbaycan üçün etməyə, Azərbaycan bayrağını qaldırmağa hazırıq".
Onun sözlərinə görə, boks Olimpiya idman növü olduğundan burada böyük rəqabət var. Xüsusən də onun çıxış etdiyi çəki dərəcəsi qadınlar arasında orta çəki hesab olunduğundan burada rəqabət böyükdür. Y.Alekseyevna deyib:"Bakı-2015" ilk Avropa Oyunlarında ən güclü rəqibim irlandıyalı Keti Teylor mənim kumirimdi. Amma buna baxmayaraq inanıram ki, atamın köməyi ilə bu baryeri də keçərəm".
Azərbaycan boksçusu Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu da qeyd edib: "Mən bir çox beynəlxalq yarışlarda iştirak etmişəm. Deməliyəm ki, bu Oyunlar çox gözəl və yüksək səviyyədə keçirilir. Əməyi olan hər bir kəsə təşəkkür edirəm ki, bizim üçün belə bir şərait yaradılıb, dünyanın ən məşhur boks ulduzları Bakıya yığışıb".