Yanğın təhlükəsizliyinə dair maarifləndirmə tədbirləri keçirilib
Bakı, 1 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində və Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Yevlax rayonu ərazisində yerləşən Cırdaxan Meşəbəyliyinin 2 saylı meşə dolayında “Meşə yanğınlarının qarşısının alınması” mövzusunda maarifləndirmə tədbirləri keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirlərdə Fövqəladə Hallar, Daxili İşlər, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin aidiyyəti yerli qurumların məsul əməkdaşları, yerli icra və özünüidarə orqanlarının nümayəndələri, ərazidə fəaliyyət göstərən sahibkarlar və yerli sakinlər iştirak ediblər.
Çıxış edənlər mövzunun aktuallığını qeyd edərək, meşələrdə yanğınların baş verməməsi üçün qabaqlayıcı tədbirlərin görülməsinin əhəmiyyətini vurğulayıblar. Meşələrdə və yaşıllıq ərazilərdə kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların, o cümlədən sahibkarların, istirahət edən şəxslərin, həmçinin yaxınlıqda yaşayan sakinlərin odla ehtiyatlı davranmaları və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etmələrinin zəruriliyi diqqətə çatdırılıb.
Mövzuya dair maarifləndirici çap materialları paylanılıb, cəlb olunan qurumların əməkdaşlarının iştirakı ilə meşədə şərti yanğının söndürülməsi əməliyyatı simulyasiya edilib.