Yanvar-fevral aylarında Bakının pərakəndə ticarət dövriyyəsinin həcmi 3,1 faiz artıb
Bakı, 30 mart, AZƏRTAC
Bu ilin yanvar-fevral aylarında Bakıda pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,1 faiz artaraq 2858,7 milyon manata çatıb.
Bakı Şəhər Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 3,1 faiz üstələyərək 2857,8 milyon manat təşkil edib.
Hesabat ayında paytaxtın pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı məhsullarının alınmasına orta hesabla 540,7 manatlıq və ya 2017-ci ilin müvafiq ayın göstəricisi ilə müqayisədə 43,0 manat daha çox vəsait xərclənib.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2017-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 3,6 faiz artaraq 1332,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,0 faiz artaraq 1526,6 milyon manata bərabər olub. Dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2017-ci ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq 46,6 faiz olub.
Bu ilin əvvəlindən istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 40,0 faizi ərzaq məhsullarının, 6,6 faizi içkilər və tütün məmulatlarının, 13,1 faizi toxuculuq məhsulları, geyim, ayaqqabıların, 4,5 faizi elektrik malları və mebelin, 2,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 2,4 faizi əczaçılıq və tibbi malların, 7,0 faizi avtomobil yanacağının, 23,7 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 7,0 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,5 faiz çox istehlak məhsulları satılıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.