İQTİSADİYYAT
Yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli”də hasilat 176 milyon barreldən çox olub
![Yanvar-sentyabr aylarında “Azəri-Çıraq-Günəşli”də hasilat 176 milyon barreldən çox olub](/files/2016/3/1200x630/14794644424683830713_1200x630.jpg)
Bakı, 18 noyabr, AZƏRTAC
Bu ilin ilk üç rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundakı quyulardan hasilat ümumilikdə 176 milyon barreldən çox, yəni 24 milyon ton təşkil edib.
“BP-Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə AÇG-dən ümumi hasilat - “Çıraq” (53 min), “Mərkəzi Azəri” (149 min), “Qərbi Azəri” (116 min), “Şərqi Azəri” (74 min), “Dərinsulu Günəşli” (127 min) və “Qərbi Çıraq” (125 min) platformalarından birlikdə gündəlik orta hesabla 644 min barrel olub.
AÇG-nin illik iş proqramının bir hissəsi olaraq sentyabr ayında “Dərinsulu Günəşli” platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilib. Plana əsasən “Dərinsulu Günəşli” platformasından hasilat sentyabr ayında 11 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu işlər tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.
Sentyabr ayının sonunda AÇG-də ümumilikdə 102 neft hasilat quyusu və 45 qaz və su injektor quyusu istismarda olub. Bu quyulardan 5-i BP-nin dünyadakı 10 ən məhsuldar quyusunun sırasındadır. Bu siyahıda “Şahdəniz”in də 3 hasilat quyusu var.
Bu ilin ilk doqquz ayında AÇG layihəsinə təqribən 378 milyon dollar əməliyyat və 1 milyard 120 milyon dollar isə əsaslı məsrəflər xərclənib.
AÇG-də iştirak payları belədir: BP (operator - 35,8 faiz), SOCAR (11,6 faiz), “Chevron” (11,3 faiz), “Inpex” (11 faiz), “Statoil” (8,6 faiz), “ExxonMobil” (8 faiz), TPAO (6,8 faiz), “Itochu” (4,3 faiz), “ONGC Videsh Ltd.” (OVL) (2,7 faiz).