Yerli kapital bazarında səhmlərin ilk dəfə kütləvi satışının həyata keçirilməsi müzakirə edilib
Bakı, 5 iyul, AZƏRTAC
Azərbaycan Mərkəzi Bankının Baş direktoru Əli Əhmədov ilə bank sədrləri arasında onlayn görüş keçirilib.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, görüşdə Mərkəzi Bankın “2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişafı Strategiyası”nda kapital bazarları üzrə müəyyən edilmiş istiqamətlər, bankların kapital bazarlarında iştirakı ilə bağlı aktual məsələlər və bu istiqamətdə kapital bazarının əsas infrastruktur qurumları olan Bakı Fond Birjası və Milli Depozit Mərkəzində əməliyyat sistemlərinin modernizasiyası, investorların bazara çıxışının təkmilləşdirilməsi və rəqəmsallaşma kimi əsas prioritetlər müzakirə edilib.
Görüşdə, həmçinin “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) səhmlərinin kütləvi təklifi ilə də bağlı fikir mübadiləsi aparılıb. Yerli kapital bazarında səhmlərin ilk dəfə kütləvi satışının həyata keçirilməsi, abunə yazılışına investorların böyük maraq göstərməsi, həmçinin rəqəmsallaşma və infrastruktur qurumların sistemlərinə çıxışın təmin olunması nəticəsində geniş investor kütləsini əhatə etməsi məsələləri müzakirə olunub. Qeyd edilib ki, artıq ötən aydan başlayan abunə yazılışı prosesinə ABB və "ABB – İnvest” investisiya şirkəti ilə yanaşı, digər investisiya şirkətləri də qoşulub.
Eyni zamanda, abunə yazılışı prosesinə bankların da qoşulması məsələsi müzakirə edilib. Bankların prosesdə iştirakının, investorlar üçün səhmlərin alışını daha əlçatan etməklə, səhm bazarında geniş fərdi investor kütləsinin formalaşmasına imkan verəcəyi vurğulanıb.
Görüşdə iştirak edən bank sədrləri də müvafiq hazırlıq işləri tamamlandıqdan sonra bankların prosesə qoşulacağını bildiriblər.