YAP Culfa Rayon Təşkilatında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
Culfa, 25 yanvar, AZƏRTAC
YAP Culfa Rayon Təşkilatı ötən il fəaliyyətini təkmilləşdirməyə, müasir tələblər səviyyəsində qurmağa çalışıb. Son illər muxtar respublika rəhbərinin diqqət və qayğısı nəticəsində yeni tikilib istifadəyə verilmiş kənd mərkəzlərində ərazi ilk təşkilatları üçün iş otaqlarının ayrılması onların nüfuzunu artırıb, fəaliyyətini canlandırıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, YAP Culfa Rayon Təşkilatında keçirilən şura iclasında bu barədə ətraflı danışılıb.
İclasda məruzə ilə çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov diqqətə çatdırıb ki, hazırda rayon təşkilatının 5608 üzvü var. 55 ərazi ilk təşkilatında partiya üzvlərinin 2669-u qadın, 1699-u isə gəncdir. Ötən il 57-si kənd, 42-si isə Culfa şəhər ərazi ilk təşkilatları olmaqla, ümumilikdə, 99 nəfər partiya sıralarına qəbul olunub.
Məruzəçi deyib ki, rayon təşkilatının Gənclər Birliyi 2018-ci ildə gənclər arasında ideya-siyasi işləri gücləndirib. Gənclərdə vətənpərvərlik hissinin gücləndirilməsi ilə bağlı müxtəlif tədbirlər, yarışlar, görüşlər keçirilib. Hesabat dövründə Naxçıvan şəhərinin ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə bağlı Culfa Rayon Təşkilatının Gənclər Birliyi tərəfindən müxtəlif mədəni-kütləvi tədbirlər təşkil edilib, mart ayında “Gənclər bağı” salınıb. Gənclər Birliyi ilə rayon Gənclər və İdman İdarəsi birgə tədbirlər hazırlayıb həyata keçiriblər.
Təşkilatın Qadınlar Şurasının fəaliyyətindən də söz açan Qadir İbrahimov diqqətə çatdırıb ki, 2018-ci ildə yol verilən bəzi nöqsan və çatışmazlıqlar rayon təşkilatının idarə heyətinin iclasında geniş müzakirə və təhlil olunub, onların aradan qaldırılması üçün müvafiq qərarlar qəbul edilib.
Bildirilib ki, muxtar respublikanın son illər davamlı və hərtərəfli inkişaf etməsi Culfa rayonunun timsalında da özünü göstərib. Belə ki, həyata keçirilmiş irimiqyaslı abadlıq, yaşıllaşdırma və quruculuq tədbirlərində, iməciliklərdə, aqrar islahatların həyata keçirilməsində partiya üzvlərinin fəallığı yüksəlib, rayonda yaşayış məntəqələrinin siması tamamilə dəyişib, abad kəndlərin sayı artıb, insanların həyat səviyyəsi yaxşılaşdırılıb.
Şura iclasında YAP Culfa Rayon Təşkilatı Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə, Qadınlar Şurasının sədri Xanım Tağıyeva, Yaycı kənd ərazi ilk təşkilatının sədri Vaqif Abdullayev, Bənəniyar kənd ərazi ilk təşkilatının sədri Duvangir Əhmədov çıxış ediblər.
Sonra bir qrup gənc partiya sıralarına qəbul olunub.