SİYASƏT
YAP Göyçay rayon təşkilatı qadınlar şurasının konfransı keçirilmişdir
Göyçay, 17 aprel (AZƏRTAC). Yeni Azərbaycan Partiyasının (YAP) Göyçay rayon təşkilatı qadınlar şurasının konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, YAP rayon təşkilatında keçirilən tədbirdə partiyanın yaradıcısı, ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP rayon təşkilatı qadınlar şurasının sədri Zivər Zeynalovanın hesabat məruzəsində qurumun ötən 5 il ərzindəki fəaliyyəti ətraflı təhlil edilmişdir. Qeyd olunmuşdur ki, qadınlar milli dövlət quruculuğunun ən müxtəlif sahələrində əzmlə çalışır, böyük xidmətlər göstərir, ölkədə gedən ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər. Fərəhli haldır ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu daim dəstəkləyən, onun fikir və ideyalarının daşıyıcısı olan YAP Göyçay rayon təşkilatı hazırda 7393 nəfəri öz ətrafında birləşdirir ki, onlardan da 4218-i, yəni 57 faizi qadınlardır.
Onlar partiyanın proqram və nizamnaməsində müəyyən olunmuş məqsəd və vəzifələrin həyata keçirilməsində fəallıq göstərir, demokratik cəmiyyətin bərabərhüquqlu üzvləri kimi çıxış edirlər.
Bildirilmişdir ki, qadınların ölkəmizdə, cəmiyyətdə rolu çox əhəmiyyətlidir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda qadınlara daim dövlət qayğısı göstərilir və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Azərbaycan cəmiyyətində, ictimai-siyasi həyatda qadınların rolunun artırılmasına dövlətimiz tərəfindən hər cür şərait yaradılır.
Konfransda YAP Göyçay rayon təşkilatı qadınlar şurası idarə heyətinin tərkibi müəyyənləşmişdir.
Zivər Zeynalova yenidən YAP Göyçay rayon təşkilatı qadınlar şurasının sədri seçilmişdir.
Tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının konfransına nümayəndələr seçilmişdir.