YAP TƏRTƏR RAYON TƏŞKİLATININ KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının konfransı keçirilmişdir.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül-çiçək dəstələri düzmüşlər.
Konfransda Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov rayon təşkilatının VII konfransından keçən dövr ərzində görülən işlər haqqında və prezident seçkilərinə hazırlıqla əlaqədar vəzifələrlə bağlı məruzə etmişdir. Bildirmişdir ki, rayon təşkilatı konfransdan sonrakı fəaliyyətində partiyanın qurucusu, ümummilli lider Heydər Əliyev siyasi irsinin öyrənilməsinə, onun gənc nəslə çatdırılmasına, Prezident İlham Əliyevin daxili və xarici siyasəti sahəsində əldə etdiyi uğurların ictimaiyyət arasında təbliğinə xüsusi yer vermişdir.
Ötən dövr ərzində partiya təşkilatının 16 heyət, 5 şura və 10 ümumi yığıncağı keçirilmişdir. Bununla yanaşı, YAP Tərtər rayon Qadınlar Şurasının və Gənclər Birliyinin konfransları da keçirilmişdir.
Qurumda təşkilatlanma və partiya sıralarının artması sahəsində xeyli işlər görülmüşdür. Rayon təşkilatı 3924 nəfəri birləşdirir. Onların 1932 nəfəri qadındır. 2007-ci ilin martından indiyədək partiya sıralarına 885 nəfər qəbul edilmişdir. Onların 408 nəfəri gəncdir.
Rayon təşkilatı tərəfindən gənclər arasında ideya-siyasi işin təşkilinə, onların cəlb olunduğu kütləvi elmi-nəzəri tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilmişdir. YAP Gənclər Birliyi, Gənclər və İdman İdarəsi tərəfindən gənclər arasında müsabiqə, idman yarışları, “Heydər Əliyev və milli mənəvi dəyərlərimiz”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” və başqa mövzularda dəyirmi masalar, ulu öndərin 85 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilmişdir. YAP rayon təşkilatında 2008-ci il prezident seçkilərinin mütəşəkkil keçirilməsi üçün görüləcək işlər müəyyənləşdirilmiş, şura üzvlərinin və partiya fəallarının iştirakı ilə yığıncaqlar keçirilmişdir.
R.Şabanov bildirmişdir ki, tərtərlilər Heydər Əliyev ideyalarına sadiqdirlər və qarşıdan gələn prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, dövlətimizin başçısı İlham Əliyevə səs verəcəklər.
Konfransda Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış etmiş, prezident seçkilərinə hazırlıqla bağlı qarşıda duran vəzifələrdən danışmışlar.
Yeni Azərbaycan Partiyasının IV qurultayına nümayəndələr seçilmişdir.
Konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.