Yaponiya Səhiyyə Nazirliyi “Moderna” və “AstraZeneca” peyvəndlərindən istifadəni təsdiqləyib
Tokio, 21 may, AZƏRTAC
Mayın 21-də Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi koronavirusa qarşı ABŞ-ın “Moderna” və Britaniya-İsveç birgə müəssisəsinin “AstraZeneca” peyvəndlərindən istifadəni təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə nazirliyin veb-saytında məlumat yayılıb. Bildirilir ki, nazirliyin ekspertlər komissiyası bir gün əvvəl bu tövsiyə ilə çıxış edib. Beləliklə, Yaponiyada rəsmi olaraq artıq üç peyvənddən istifadəyə icazə verilib. Bu günədək Yaponiyada yalnız ABŞ-Almaniya birgə konsorsiumunun “Pfizer” və “BioNTech” preparatı istifadə edilirdi.
Bununla yanaşı, Yaponiya KİV-lərinin bildirdiyinə görə nazirlik “AstraZeneca” peyvəndinin ölkədə istifadəsinə razılıq versə də ondan dərhal istifadəni planlaşdırmır. Qeyd edilir ki, həmin peyvənddən nazirliyin ekspertləri müəyyən yaş qrupunu təsdiq etdikdən sonra yalnız həmin şəxslər üçün istifadə ediləcək. “Moderna” peyvəndinə gəlincə isə, onun artıq gələn həftədən Tokioda və Osakada yaradılmış kütləvi peyvəndləmə mərkəzlərində istifadə olunacağı bildirilir.
Xatırladaq ki, Yaponiyada peyvəndləmə kampaniyasına fevralda start verilib. Son məlumatlara görə, Yaponiyada ümumi sayı 4,8 milyona çatan səhiyyə işçisindən 2,2 milyonuna peyvənd artıq vurulub. Aprelin 2-dən isə ümumi sayı 36 milyona çatan yaşı 65-dən yuxarı insanlara peyvənd vurulmasına başlanılıb. Hazırda 1,4 milyon nəfərə birinci dozanın, 125 min nəfərə isə ikinci dozanın vurulduğu bildirilir. Bununla yanaşı, Yaponiya hökuməti iyulun sonunadək yaşlı nəslin tamamilə peyvəndlənməsini yekunlaşdırmağı planlaşdırır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio