Yaponiyanın “Tokyo Boeki Technology Ltd” şirkətinin nümayəndələri AMEA-da olmuşlar
Bakı, 13 noyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Bakıda səfərdə olan Yaponiyanın “Tokyo Boeki Technology Ltd” şirkətinin prezidenti Kazuey Uçidanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AMEA Rəyasət Heyətinin Mərkəzi Aparatının ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə məqsəd AMEA-nın elmi-innovativ nailiyyətlərinin istehsalatda tətbiqini təcrübədən keçirməyə imkan verən texnoparkların yaradılması sahəsində Yaponiya şirkətinin təcrübəsindən və məhsullarından faydalanmaqdır.
Akademik A.Əlizadə AMEA ilə Yaponiyanın elmi-tədqiqat qurumları arasında mövcud əməkdaşlıq əlaqələrindən danışmışdır. Yaponiyalı mütəxəssislərin iş təcrübəsinin Azərbaycan alimləri üçün maraqlı olduğunu söyləyən akademik bu şirkətlə akademiya arasında əməkdaşlığın bundan sonra da effektiv olacağına inandığını vurğulamışdır. O, bu əlaqələrin Azərbaycanda elm və texnologiyanın transferi sahəsində birgə işlərin inkişafına töhfə verəcəyinə əmin olduğunu bildirmişdir.
K.Uçida qeyd etmişdir ki, 1947-ci ildə yaradılmış “Tokyo Boeki Technology Ltd” energetika, maşınqayırma, metal sənayesi, eləcə də elmi-analitik cihazların istehsalı və satışı ilə tanınır. Şirkətin iki qiymətli və müasir elektron mikroskopu Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihələri çərçivəsində alınaraq Geologiya İnstitutu və Azərbaycan Tibb Universitetində quraşdırılmışdır. Yaxın vaxtlarda yeni cihazların Fizika İnstitutuna da alınacağı gözlənilir.
Tərəflər əməkdaşlığın genişləndirilməsinin vacibliyini ifadə etmiş və bu əlaqələrin “Tokyo Boeki Technology” təcrübəsi əsasında AMEA-da müasir texnoparkın təşkilinə yönəldilməsi barədə razılığa gəlmişlər. Bakıda elmi-innovativ nəticələrin istehsalatda tətbiqinə dair birgə beynəlxalq konfransın keçirilməsi də təklif olunmuşdur.