Yaponiyanın xarici işlər naziri Yaxın Şərq ölkələrinə səfər edəcək
Tokio, 10 avqust, AZƏRTAC
Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi bazar günündən başlayaraq Misir, İran, İsrail, İordaniya, Fələstin, Türkiyə və Qətərə səfər edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə nazir özü avqustun 10-da keçirilən mətbuat konfransında bəyan edib. Bildirib ki, səfər çərçivəsində o, yerli həmkarları ilə regional təhlükəsizlik və koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini müzakirə edəcək.
Avqustun 24-dək davam edəcək səfər zamanı o, regionda xüsusi nüfuza malik İran və İsraildə hakimiyyətə yeni gəlmiş administrasiyalarla müzakirələr aparacaq.
Xatırladaq ki, İranın yeni Prezidenti İbrahim Rəisi ötən həftə öz vəzifələrinin icrasına başlayıb. Həmçinin, İsraildə də ilk dəfə olaraq Naftali Bennet yeni Baş nazir seçilib.
İranın və İsrailin yeni hökumətlərinə müraciət edən T.Moteqi deyib: “Mən regional vəziyyətlə bağlı açıq fikir mübadiləsi aparmaq və regionda sabitliyin qorunması üçün sıx əməkdaşlıq təklif etmək niyyətindəyəm”.
Qeyd edək ki, yaponiyalı nazirin səfəri çərçivəsində onun İraqa getməsi nəzərdə tutulsa da, bu ölkədə koronavirus pandemiyası ilə əlaqədar vəziyyətə görə bu səfər təxirə salınıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio