Yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb
Naxçıvan, 26 aprel, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində “Tarixi abidələrimizi tanıyaq və tanıdaq” adlı yaradıcılıq müsabiqəsində fərqlənən tələbələrin mükafatlandırma mərasimi olub.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, mərasimdə çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində görülən işlərdən danışıb. Rektor Naxçıvanın maddi-mədəniyyət abidələrinin təbliğində bu cür müsabiqələrin əhəmiyyətini qeyd edib.
Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Sevinc Abbasova bildirib ki, müsabiqəyə təqdim olunan materialların qiymətləndirmə meyarı müsabiqənin şərtlərinə cavab verməsi, ideyanın, kompozisiyasının orijinallığı və yaradıcı yanaşma, işin təsiredici qüvvəyə malik olması, asan qavranılması və keyfiyyəti ilə seçilib.
Qeyd edək ki, müsabiqə ən yaxşı film və ən yaxşı foto istiqaməti üzrə aparılıb. Müsabiqədə Naxçıvan Muxtar Respublikasında yaşayan telejurnalist və rejissorlar, ali və orta ixtisas müəssisələrinin tələbələri, yaradıcılıq qabiliyyəti olan hər bir gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər iştirak ediblər.
Müsabiqəyə 50-dən artıq gənc 100-ə yaxın iş təqdim edib. Peşəkar münsiflərin rəyinə əsasən, universitetin Beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi Fərman Hacıyev müsabiqənin qalibi olub. Universitetin Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə I kurs magistri Aynur Həsənli II, alman dili ixtisası üzrə II kurs tələbəsi Sunay Qasımzadə isə III yerə layiq görülüb. 10 nəfər gənc isə həvəsləndirici yerə layiq görülüb.
Qaliblərə NDU-nun diplom və pul mükafatı təqdim olunub. Həvəsləndirici yerlərə layiq görülənlər isə Naxçıvan Muxtar Respublikasının tarixi abidələrinin əks olunduğu suvenirlərlə mükafatlandırılıblar. Mükafatlandırılanlar sırasında məktəblilər də var.