YARDIMLIDA 2008-Cİ İLİN BİRİNCİ RÜBÜNDƏ SOSİAL İQTİSADİ İNKİŞAF ARTAN XƏTLƏ DAVAM ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu fikir Yardımlı Rayon İcra Hakimiyyətində 2008-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş ümumrayon müşavirəsində səslənmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Etibar Fərruxov aprelin 14-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdırmış, ölkəmizin iqtisadi qüdrətinin artmasının bölgələrdə də sosial proqramların uğurlu həlli və sahibkarlığın inkişafı üçün geniş imkanlar açdığını bildirmişdir.
Yığıncaqda rayon icra hakimiyyəti başçısının müavini Siyasət Süleymanov 2008-ci ilin birinci rübündə görülən işlər və qarşıda duran vəzifələrlə bağlı hesabat məruzəsi ilə çıxış etmişdir.
Məlumat verilmişdir ki, hesabat dövründə Yardımlı rayonunda sosial-iqtisadi inkişaf artan xətlə davam etmiş, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumdaxili məhsul istehsalı 126 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 186 faiz, əhaliyə göstərilən rabitə xidmətinin həcmi 60 faiz, ticarət xidmətinin səviyyəsi 26 faiz, orta aylıq əmək haqqı 111 faiz artmışdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq, Yardımlı qəsəbəsinə və kəndlərə təbii qaz xəttinin çəkilişi davam etdirilmiş, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə ardıcıl tədbirlər həyata keçirilmiş, rayonun 10 kəndində peyk rabitəsi quraşdırılmış, Vərgədüz kəndində 128 nömrə tutumu olan elektron tipli yeni ATS istifadəyə verilmiş, 165 çarpayılıq mərkəzi rayon xəstəxanasında əsaslı təmir işləri aparılmış, rayon mərkəzi stadionu yenidən qurulmuşdur.
Müşavirədə çıxış edənlər 2008-ci ilin birinci rübündə görülmüş işlərdən ətraflı danışmış, işdə yol verilmiş nöqsanların və mövcud problemlərin aradan qaldırılması ilə bağlı təkliflərini bildirmişlər.