Yasamal rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15 nəfər saxlanılıb
Bakı, 25 oktyabr, AZƏRTAC
Paytaxtın Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 10 ünvanında yerləşən, tikintisi yarımçıq qalmış parklanma yerində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı paytaxt sakinləri Eldəniz Əkbərov, Cavid Məhərrəmov və Vüsal Saydov tutulublar.
Həmin şəxslərin üzərində axtarış aparılan zaman narkotik vasitələr və ondan istifadə etmək üçün lazım olan digər ləvazimatlar aşkarlanaraq götürülüb.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən son 10 gündə həyata keçirilən digər əməliyyatlar nəticəsində rayonun müxtəlif ərazilərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 12 nəfər saxlanılaraq ərazi üzrə bölmə və şöbələrinə gətiriliblər.
Əməliyyat nəticəsində paytaxt sakinləri - Dəyanət Muxtarov, Sənan Həsənov, Vüqar İbrahimov, İlkin Həsənov, Abbas Məmmədov, Rüfət Ələsgərli, İlkin Əhmədov, Əziz Musayev, Rauf Ələkbərov, Natiq Abbasov, Seymur Daşçıyev və Rasim Rəhimov tutulublar.
Onların üzərindən külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə - metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalara başlanıb.
Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.