Yaxın günlərdə paytaxtın Nizami rayonunda 3 saylı “DOST” mərkəzinin açılışı olacaq
Bakı, 7 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq bu il həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial müdafiə və aktiv məşğuluq proqramları, eyni zamanda bu proqramların genişləndirilməsi ilə bağlı planlar tam icra olunacaq.
Şəhid ailələrinə və müharibə əlillərinə 2019-cu ildə əvvəlki illə müqayisədə 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib, 2020-ci ildə isə bu kateqoriyadan olan insanlara bundan 60.6 faiz çox olmaqla 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub.
2018-ci ildə müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə 265 avtomobil, 2019-cu ildə nəzərdə tutulduğundan 3.2 dəfə çox olmaqla 600 avtomobil verilib. Xüsusi karantin rejimi bitdikdən sonra şəhid ailələrinə və müharibə əlillərinə yeni alınmış mənzillərin, müharibə əlillərinə avtomobillərin verilməsi işləri davam etdiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir, həmçinin qeyd edib: “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan “DOST” mərkəzləri şəbəkəsinin bu il regionlar üzrə genişləndirilməsi işləri aparılacaq. Ötən il Bakının Yasamal rayonunda 1 saylı və Xəzər rayonunda 2 saylı “DOST” mərkəzləri yaradılıb, yaxın günlərdə paytaxtın Nizami rayonunda 3 saylı “DOST” mərkəzinin açılışı olacaq.
Bu il, həmçinin Binəqədi rayonunda 4 saylı, Abşeron rayonunda 5 saylı, Sumqayıt şəhərində 6 saylı, Quba və Bərdə rayonlarında 7 və 8 saylı “DOST” mərkəzlərinin təmir-tikinti işlərinə başlanılacaq və mümkün qədər sürətlə bu işlər yekunlaşdırılacaq.
Ötən il Yevlax və Naftalan şəhərlərində Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzləri, Mərdəkan Müalicə Pansionatı, Protez-Ortopedik Bərpa Mərkəzi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Gəncə şəhərində Peşə Hazırlığı Mərkəzi açılıb.
Bu il Sumqayıt, Şəki, Şirvan, Xaçmaz, Lənkəran Regional Bərpa Mərkəzlərinin, Şağan Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatının, Göygöl və Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisələrinin əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilməsini təmin edəcəyik. Qəbələ və Şəmkirdə Uşaq Bərpa Mərkəzlərinin açılması da bu ilə planlaşdırılıb.
Ümumilikdə, cari ildə 10 reabilitasiya mərkəzi və sosial xidmət müəssisəsinin istifadəyə verilməsi nəzərdə tutulub. Bundan əlavə, peşə hazırlığı mərkəzləri şəbəkəsinin regionlar üzrə genişləndirilməsi üçün bu il üç rayonda - Quba, Bərdə və Şəki rayonlarında peşə tədrisi mərkəzlərinin açılması da planlaşdırılır”.