YAXIN ŞƏRQİN AZƏRBAYCANA MARAĞI ARTIR
AZƏRTAC xəbər verir ki, mayın 13-də Vaşinqtondakı Ceymstaun Elmi Araşdırmalar Mərkəzinin saytında dərc edilmiş yazıda Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının Yaxın Şərqdə enerji sarıdan kasıb olan bir neçə dövlətin, o cümlədən İsrailin və İordaniyanın diqqətini cəlb etdiyi bildirilir.
İsrailin milli infrastruktur naziri Ben Eliezerin sözlərinə görə, İsrail özünün təbii qaz təchizatçılarının sayını artırmağa çalışır. Təl-Əvivdə keçirdiyi növbəti mətbuat konfransında Ben Eliezer bildirmişdir ki, rəhbərlik etdiyi nazirlik İsraili gələcəkdə təbii qazla təmin etmək üçün Azərbaycan, Qazaxıstan və Türkmənistanla, o cümlədən bp və “Qazprom” şirkətləri ilə müzakirələr aparmışdır.
Azərbaycan təbii qazı əsasən ölkənin Xəzərdəki ən zəngin “Şahdəniz” yatağından əldə edir. Bu yatağın imkanları ildə 1,5-3 milyard barrel neft, 50-100 milyard kubmetr qaz ehtiyatı həcmində qiymətləndirilir. Amerika Birləşmiş Ştatları Azərbaycanın təbii qazının gələcəyi barədə nikbindir. ABŞ-ın Enerji İnformasiya Agentliyi yazır: “Şahdəniz”in təbii qaz və kondensatını və Cənubi Qafqaz boru kəmərini nəzərə alsaq görərik ki, Azərbaycan növbəti onillikdə Türkiyə və Avropanın böyük təbii qaz təminatçısına çevriləcəkdir.
Məqalədə deyilir ki, İsrail Azərbaycandan qaz idxal etməkdə olduqca maraqlı görünür. Qazın idxalı üçün İsrailin iki variantı vardır. Birincisi kəmərlərdir, digəri isə mayeləşdirilmiş təbii qaz daşıyan tankerlərdir. Tankerlərlə daşınma çox baha başa gəlir. Kəmərlərə gəldikdə, istənilən halda Ərzurumdan İsrailə uzanan kəmər Cənub Şərqi Türkiyədən Aralıq dənizi ilə paralel Livan sahillərinə və ya Suriyaya çıxır. İsrailin bu ölkələrlə problemləri vardır. Onu da qeyd edək ki, son zamanlar mətbuatda İsrailin Suriya ilə əlaqələri normallaşdırmağa çalışıdığı yazılır.
Yazıda bildirilir ki, İsraildən başqa Azərbaycanın enerji ehtiyatları ilə maraqlanan digər Yaxın Şərq ölkəsi İordaniyadır. Məhz İordaniya Kralı Abdullahın Azərbaycana səfəri çərçivəsində keçirilmiş İkinci İordaniya sərgisi və Azərbaycan-İordaniya Biznes Forumu bu ölkənin zəngin enerji resurslarına malik Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsinə böyük marağının olmasından xəbər verir.
Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın uğurlu enerji siyasəti Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Yaxın Şərq ölkələrinin tam dəstəyinə nail olmasına imkan verəcəkdir.