YAZIÇI-JURNALİST FAİQ MUSTAFANIN 70 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, respublikanın tanınmış ziyalılarının iştirakı ilə keçirilən mərasimdə akademiklər Ziyad Səmədzadə, Akif Əlizadə, Bəkir Nəbiyev, xalq artisti Fərhad Bədəlbəyli, professor Ağabəy Sultanov, jurnalistlər Azad Şərifov, Aqşin Babayev və başqaları çıxış etmişlər.
Onlar mərhum Faiq Mustafanı Azərbaycan jurnalistikasının ən layiqli nümayəndələrindən biri kimi xarakterizə etmişlər. Qeyd olunmuşdur ki, o, iki istiqamətdə fəaliyyət göstərmişdir: ədəbi yaradıcılıqla məşğul olmuş, jurnalist kimi müxtəlif vaxtlarda “Molodyoj Azerbaydjana” qəzetində çalışmış, “Komsomolskaya pravda” qəzetinin Azərbaycan, “Sovetskaya kultura” qəzetinin Azərbaycan və Orta Asiya üzrə xüsusi müxbiri işləmişdir. “Ostorojno vxodi v dver radosti” (“Sevinc qapısından ehtiyatla keç”) romanı, Mirzə Şəfi Vazeh haqqında “Ya k svetu şyol” (“Mən işığa doğru gedirdim”) povesti, digər 6 kitabı oxucular, “Yer tutanlar” tamaşası teatrsevərlər tərəfindən maraqla qarşılanmışdır. Rejissor Vaqif Abbasovun quruluş verdiyi həmin tamaşa tərcümə olunaraq Özbəkistan, Türkmənistan, Qazaxıstan səhnələrində oynanılmışdır. Əməkdar jurnalist, “Qızıl qələm”li Faiq Mustafa Azərbaycanın üzləşdiyi problemlərlə bağlı narahatlığını heç vaxt gizlətməmiş, bu problemləri dərindən təhlil etmiş, onların aradan qaldırılması yollarını araşdırmışdır.
Natiqlər Faiq Mustafa ilə bağlı xatirələrini danışmışlar. Vurğulanmışdır ki, o, çox zəhmətkeş, xeyirxah, təmiz bir insan, hamı üçün açıq bir müsahib olmuşdur. Təsadüfi deyildir ki, ömrünün son dəqiqələrinə kimi qələmi yerə qoymamışdır. 1995-ci il mayın 14-də ömrünü tapşırmazdan bir neçə dəqiqə əvvəl yarımçıq qoyduğu əlyazması “Ruhum yorulub, cismim hələ...” adlanır.
Təklif olunmuşdur ki, Faiq Mustafanın ədəbi və publisistik əsərləri toplu halında çap edilsin.
Yubilyarın ailə üzvləri adından oğlu - siyasi elmlər doktoru Rövşən Mustafayev atasının xatirəsinə göstərdikləri ehtirama görə mərasim iştirakçılarına minnətdarlığını bildirmişdir.