Yelkənli Qayıq Yarışı çərçivəsində dənizçiliyin təbliği ilə bağlı sərgi təşkil edilib
Bakı, 5 may, AZƏRTAC
Yelkənli Qayıq Yarışı çərçivəsində dənizçiliyin təbliği ilə bağlı sərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (AXDG) mətbuat katibi Mehman Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, AXDG 160 illik yubileyini qeyd etməyə hazırlaşır: “Yubiley çərçivəsində bir sıra tədbirlər keçirməyi nəzərdə tuturuq. İlk tədbirimiz ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub. Ümummilli Liderin hakimiyyəti dönəmində bütün sahələrdə inkişafa nail olunub. Eyni zamanda, bu inkişaf 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən sonra gəmiçilik sahəsində də müşahidə edilib. Həmin dövrdə Azərbaycanın gəmi donanması genişlənməyə başlayıb, yeni gəmilər alınıb, milli kadrların yetişməsində də Ümummilli Liderin misilsiz xidmətləri olub. Ulu Öndərin gəmiçilikdə ali təhsilə ayırdığı diqqət sayəsində Azərbaycan Dövlət Dənizçilik Akademiyası təsis edilib”.
M.Mehdiyev qeyd edib ki, AXDG və Azərbaycan Yelkənli İdman Federasiyasının birlikdə təşkilatçılığı ilə "Baku Sailing Regatta 2018" - yelkənli qayıqların yarışı keçirilir. Ümumilikdə 31 yelkənçinin iştirak etdiyi reqatada idmançılar dörd sinif (“Optimist”, “Laser-standard”, “Laser 4.7” “Laser-radial”) üzrə yarışırlar. Qaliblər yerli və beynəlxalq hakimlər tərəfindən axşam saatlarında müəyyənləşdiriləcək. I, II və III yerlərin qalibləri mükafatlandırılacaq.
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2016-2020-ci illərdə Azərbaycanda Gəmiçiliyin inkişafına dair Dövlət Proqramında insanlar arasında dənizçilik peşəsinin təbliği ilə bağlı işlər görülməsi nəzərdə tutulub. Bununla da bağlı yarış çərçivəsində dənizçiliyin təbliği ilə bağlı sərgidə 160 illik tarix ərzində istifadə olunan müxtəlif təyinatlı gəmilərin eksponatları, dənizçi peşəsinə aid əşyalar, geyimlər, gəmidə istifadə olunan alətlər və cihazlar nümayiş edilir.