YENİ AZƏRBAYCAN PARTİYASI NÖVBƏTİ BƏLƏDİYYƏ SEÇKİLƏRİNİN AZAD, DEMOKRATİK, ƏDALƏTLİ VƏ ŞƏFFAF KEÇİRİLMƏSİNDƏ MARAQLIDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, YAP İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov tədbiri giriş sözü ilə açaraq Azərbaycanda bələdiyyələrin yaradılmasında dövlətimizin həyata keçirdiyi tədbirlərdən, yerlı özünüidarəetmə orqanlarının yaradılmasında və formalaşdırılmasında ümummilli liderimiz Heydər Əliyevin gördüyü işlərdən, bu işlərin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsindən və digər məsələlərdən danışmışdır.
Natiq bildirmişdir ki, YAP növbəti bələdiyyə seçkilərinin də azad, ədalətli, demokratik və şəffaf keçirilməsində maraqlıdır. Lakin bəzi pozucu qüvvələr məğlubiyyətlərini başa düşdüklərindən seçkilərlə bağlı həqiqətə uyğun olmayan rəy formalaşdırmağa çalışırlar. İndiki bələdiyyələrin tərkibində qadın və gənclərin azlıq təşkil etdiklərini bildirən İcra katibi növbəti seçkilərdə bu qeyri-tarazlığın aradan qaldırılmasının vacibliyini vurğulamışdır.
Dəyirmi masada çıxış edən digər natiqlər bələdiyyələrin beş illik fəaliyyətlərində əldə edilən uğurlardan, eləcə də növbəti seçkilərdə qalib gəlmək üçün görülən işlərin düzgün təbliğ olunmasının əhəmiyyətindən danışmışlar.
Natiqlər əminliklə demişlər ki, növbəti bələdiyyə seçkiləri azad və ədalətli keçiriləcəkdir. Çünki Azərbaycanda şəffaf seçki keçirmək üçün mükəmməl qanunverici baza yaradılmışdır.