YENİ AZƏRBAYCAN PARTİYASI NÜMAYƏNDƏ HEYƏTİNİN ÇİN XALQ RESPUBLİKASINA SƏFƏRİ BAŞA ÇATMIŞDIR
AZƏRTAC-ın müxbiri səfər təəssüratlarını öyrənmək üçün Əli Əhmədova müraciət etmişdir. O demişdir:
Ümummilli liderimiz Heydər Əliyevin 1994-cü ildə və Prezident İlham Əliyevin 2005-ci ildə Çin Xalq Respublikasına səfərləri Çin-Azərbaycan münasibətlərinin inkişafında mühüm rol oynamış, möhkəm təməl üzərində qurulan əlaqələrin genişlənməsinə ciddi təkan vermişdir. Ölkələrimiz arasında sosial-iqtisadi, mədəni əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Səfərdən məqsədimiz Çin Kommunist Partiyasının fəaliyyəti, eləcə də, bütövlükdə, Çinin sosial-iqtisadi inkişafı ilə daha yaxından tanış olmaq idi. Səfər çərçivəsində Kommunist Partiyasının rəhbərləri və bir sıra dövlət orqanlarının başçıları ilə çoxsaylı görüşlərimiz oldu.
Əvvəlcə, Pekində hər iki tərəfi maraqlandıran səmərəli və qarşılıqlı faydalı söhbətlər apardıq. ÇXR KP MK Siyasi Bürosunun üzvü, Çin Xalq Respublikası Parlamenti sədrinin müavini İsmayıl Amat bizi qəbul etdi. Azərbaycanın iqtisadi inkişafı, ölkəmizdə xarici sərmayənin yatırılması üçün dövlətin yaratdığı münbit şərait barədə geniş məlumat verdik.
Çində aparıcı KİV-lərdən sayılan “Jenminjibao” qəzetinin redaksiyasındakı görüşümüz olduqca maraqlı məqamlarla yadda qaldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çatdırdığımız həqiqətlərin, o cümlədən münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin göstərdiyi ciddi səylər, beynəlxalq təşkilatların gördüyü işlər barədə bu qəzet vasitəsilə Çin ictimaiyyətinə ətraflı məlumat verilməsini qəzetin baş redaktorundan xahiş etdik.
Sürətlə inkişaf etməkdə olan Şanxay şəhərinin rəhbərliyi ilə görüşümüzdə bizə məlum oldu ki, bütövlükdə, Çin-Azərbaycan münasibətləri çərçivəsində Şanxayla ölkəmiz arasındakı iqtisadi əlaqələrin genişləndirilməsi məqsədi ilə mövcud imkanlardan səmərəli istifadə edilməsi üçün ciddi səylərin göstərilməsinə ehtiyac vardır.
Uyqur muxtar rayonunun rəhbəri İsmayıl Tləvaldi ilə Urumçi şəhərində söhbətlərimiz səmərəli şəraitdə başa çatdı. Məlum oldu ki, Azərbaycana burada da ciddi maraq göstərirlər.
Bütövlükdə, səfər təəssüratlarımız belədir ki, Çin-Azərbaycan münasibətləri dinamik inkişaf mərhələsindədir. Bir çox məsələlərdə mövqelərimiz üst-üstə düşür. Mövcud əlaqələrin sürətlə genişləndirilməsi hər iki ölkənin maraqlarını tam əks etdirir. Əlaqələrimizin inkişafında YAP nümayəndə heyətinin səfərinin də əhəmiyyətli rolu olacaqdır.