YENİ AZƏRBAYCAN PARTİYASINDA MƏTBUAT KONFRANSI
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan özəlləşdirmə prosesinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini vurğulayan K.Həsənov bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər) qarşıya qoyduğu vəzifələr layiqincə yerinə yetirilir.
Natiq cari ilin I rübündə 710-a yaxın kiçik dövlət müəssisəsi və obyektinin, ümumiyyətlə, ölkəmizdə həyata keçirilən dövlət əmlakının özəlləşdirilməsi prosesi çərçivəsində 35 minə yaxın kiçik dövlət müəssisəsi və obyektinin özəlləşdirildiyini açıqlamışdır. Hesabat dövründə dövlət müəssisələrinin bazasında 6 səhmdar cəmiyyəti təsis edilmişdir. Səhmdar cəmiyyətlərinin səhmlərinin satışı ilə əlaqədar 12 çek hərracı keçirilmiş, 40-a yaxın səhmdar cəmiyyətinin səhmləri satılmışdır. Səhmdar cəmiyyətlərinin səhmlərinin satışı üzrə aprelin 24-28-də keçiriləcək növbəti çek hərracı barədə artıq elan verilmişdir.
Özəlləşdirmə prosesi çərçivəsində 2006-cı il aprelin 1-nə qədər dövlət müəssisələrinin bazasında 1520 səhmdar cəmiyyəti yaradıldığını diqqətə çatdıran komitə sədrinin sözlərinə görə, səhmdar cəmiyyətləri səhmlərinin satışı üzrə özəlləşdirmə başlanandan 353 pul və 90 çek hərracı keçirilmişdir. Dövlət müəssisə və təşkilatlarının iştirakı ilə yaradılmış 74 birgə müəssisənin nizamnamə kapitalındakı dövlət paylarının idarə olunması sahəsində səmərəliliyin artırılması, dövlət paylarının özəlləşdirilməsinin sürətləndirilməsi istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir. Eyni zamanda, cari ilin I rübü ərzində 80-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilmişdir. Ümumiyyətlə, özəlləşdirmə prosesi çərçivəsində 1300-dən çox belə torpaq sahəsi özəlləşdirilmişdir.
K.Həsənov demişdir ki, 2006-cı ilin I rübündə dövlət əmlakının özəlləşdirilməsindən, eləcə də icarəyə verilməsindən daxilolmaların artırılması istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə 4,5 milyon manat (AZN) məbləğində vəsait daxil olmuşdur. Daşınmaz dövlət əmlakının icarəyə verilməsindən isə I rübdə 718,1 min manat məbləğində vəsaitin dövlət büdcəsinə daxil olması təmin edilmişdir ki, bu da cari ilin birinci rübü üçün nəzərdə tutulmuş tapşırığın 133 faizi yerinə yetirilməsi deməkdir. Bütövlükdə isə, özəlləşdirmə başlanandan bu günədək dövlət büdcəsinə dövlət əmlakının özəlləşdirilməsindən 206 milyon manat, daşınmaz dövlət əmlakının icarəsindən isə 22,7 milyon manat vəsait daxil olmuşdur.
Komitə sədri sonda jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.