YENİ GÖMRÜK MƏCƏLLƏSİ LAYİHƏSİNİN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLMİŞDİR
Tədbirdə Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin hazırda uğurla davam etdirdiyi iqtisadi islahatların gedişində gömrük xidmətinin vacib rol oynadığını söyləmişdir. Gömrük işinin tələb olunan səviyyədə təşkilinin və beynəlxalq normalara uyğun aparılmasının, bu sahədə normativ-hüquqi bazanın təkmilləşdirilməsindən və informasiya texnologiyalarının geniş tətbiqindən asılı olduğunu qeyd edən A.Əliyev qurumun bu istiqamətdə BMTİP-nin ölkəmizdəki nümayəndəliyi ilə artıq yeddi ildir ki, əməkdaşlıq etdiyini diqqətə çatdırmışdır. O, Aİ tərəfindən maliyyələşdirilən və BMTİP tərəfindən həyata keçirilən layihənin ilkin mərhələsinin cari ilin yanvarından fəaliyyətə başladığını söyləmiş və bugünkü təqdimatın DGK-nın yeni hüquqi bazasının işlənib hazırlanması istiqamətində ilk addım olduğunu vurğulamışdır.
BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi, BMTİP-nin nümayəndəsi Marko Borsotti, Bakıdakı “Avropa evi”nin əlaqələndiricisi Volfhanq Şporrer layihənin gömrük qanunvericiliyinin təkmilləşdirilməsi, onun müasir beynəlxalq standartlara, xüsusən Aİ Gömrük Məcəlləsinə uyğunlaşdırılması və İnformasiya Texnologiyalarının İnkişaf Strategiyasının hazırlanması və həyata keçirilməsi üzrə DGK-ya dəstəyi nəzərdə tutduğunu söyləmişlər. Gömrük xidmətinin təkmilləşdirilməsinin ölkəmizdə sərmayəçi etimadının artırılması və Azərbaycanla ticarət əlaqələrinin gücləndirilməsi istiqamətində vacib amil olacağı qeyd edilmişdir.
Aydın Əliyev və Marko Borsotti “Azərbaycan Respublikasında gömrük xidmətinin təkmilləşdirilməsi layihəsinin müddətinin uzadılması və büdcənin artırılması barədə” memorandumu imzalamışlar.
Tədbirdə Milli Məclisin deputatları, nazirliklərin və ölkəmizdəki xarici səfirliklərin nümayəndələri iştirak etmişlər.