Yeni sərhəd-buraxılış məntəqəsi erməni terrorçularının təminatının qarşısını alacaq – Şərh
Bakı, 4 may, AZƏRTAC
Qarabağda qalan qanunsuz silahlı birləşmələrin ərazilərimizdən çıxarılması 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən təmin edilməli idi. Çünki Qarabağda sabitliyin təmin olunması üçün separatçı dəstələr tərk-silah olunmalı, sonra isə digər strateji obyektlərin nəzarətə götürülməsi prosesi aparılmalıdır. Bu baxımdan həmin Bəyanatdan sonra məsələ dəfələrə istər dövlət, istərsə də ekspertlər səviyyəsində gündəmdə olub, müzakirə edilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi-siyasi ekspert Telman Qasımov söyləyib.
O qeyd edib ki, Ermənistanla şərti sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin yaradılması ərazilərimizdə olan terrorçuların təminatının qarşısının alınmasında olduqca önəmli addım oldu. Bu da o deməkdir ki, Qarabağda olan silahlı erməni birləşmələrinə təminat gəlmədiyi üçün zamanla onların fəaliyyətləri zəifləyəcək. Bundan əlavə, ərazilərimizə digər ölkələrdən gəlib təlim keçən şəxslərin, Ermənistandan “könüllü” adı ilə gətirilən terrorçuların da qarşısı alınacaq.
“Laçında yaradılan post vasitəsilə gedib-gələn hər kəsə, keçən yüklərə nəzarət olunacaq, şəxslərin sənədləri yoxlanılacaq, siyahıya alınacaq. Azərbaycan ərazisinə daxil olan etnik ermənilərin kimliyi, nə üçün gəldiyi araşdırılacaq. Əgər erməni əsilli şəxslərin içərisində istər Birinci və İkinci Qarabağ müharibələrində, istərsə də digər terror, hərbi əməliyyatlarda ölkəmizə qarşı iştirak edənlər varsa, onlar barədə tədbirlər görüləcək.
Növbəti mərhələdə isə ərazilərimizdə olan qanunsuz erməni dəstələrinə xəbərdarlıqlar edilməlidir. Əgər Qarabağda olan erməni əsilli şəxslərin cinayətləri yoxdursa, istəsələr Azərbaycan vətəndaşı olaraq yaşaya bilərlər. Xarici ölkələrdən gələn, hərbi pozuculuq fəaliyyətləri ilə məşğul olanlar barədə isə xüsusi tədbirlər həyata keçiriləcək. Qarabağdakı özünü guya ermənilərin liderləri kimi təqdim edənlər də Azərbaycan qanunlarına tabe olmağa məcbur olacaqlar. Lakin ərazilərimizdəki etnik ermənilər xəbərdarlıqlara məhəl qoymasa, Azərbaycanın qanunlarını qəbul etməsələr, onlar ölkə ərazisini tərk etməlidirlər. Belə ki, Azərbaycanın tam haqqı vardır ki, suveren ərazilərində öz daxili məsələlərini həll etsin”, - deyə hərbi-siyasi ekspert vurğulayıb.
T.Qasımovun fikirlərinə görə, Laçında postun yaradılması bir daha onu göstərdi ki, Azərbaycanın hüquqi olaraq ərazilərində nəzarəti bərpa etmək üçün bütün imkanları var: “Ölkəmiz gələcəkdə də bütün proseslərə nəzarət etmək üçün adekvat addımları atır və atacaq. Həmin proseslər isə mərhələli şəkildə yerinə yetiriləcək”.