İQTİSADİYYAT
Yeni SOCAR istiqrazlarının abunə yazılışına start verilib
![Yeni SOCAR istiqrazlarının abunə yazılışına start verilib](/files/2021/3/1200x630/16321304574991956306_1200x630.jpg)
Bakı, 20 sentyabr, AZƏRTAC
Bu gündən etibarən SOCAR istiqrazlarının 2-ci buraxılışına abunə yazılışı başlandı. Abunə yazılışının müddəti sentyabrın 20-dən oktyabrın 29-dək davam edəcək.
“SOCAR Capital” şirkətindən AZƏRTAC-a verilən məlumata görə, yeni SOCAR istiqrazları 5 illik müddətə buraxılır. İstiqrazların ümumi həcmi 100 milyon ABŞ dolları təşkil edir və hər birinin nominal dəyəri 1000 dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4,5 faizdir və faiz gəlirlərinin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək. İstiqrazların yerləşdirilməsi noyabrın 1-də baş tutacaq.
İstiqrazlara abunə yazılışında vətəndaşlarımız, Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi və ya müvəqqəti yaşamaq icazəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcəklər. Yerləşdirmədə üstünlük, ilk növbədə, fiziki şəxslərə veriləcək. İstiqrazları xarici fiziki və hüquqi şəxslər təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.
SOCAR, istiqrazlarının təkrar bazarda likvidliyinin təmin olunması məqsədilə marketmeyker cəlb edəcək. SOCAR istiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR istiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkündür.
Ətraflı məlumat: *19-99, “socarcapital.az”, “www.socaristiqraz.az”.