Yeni subartezian quyuları vasitəsilə Beyləqan və Füzulidə 500 hektardan artıq əkin sahəsi suvarılacaq
Beyləqan, 1 may, Tahir Ağaməmmədov, AZƏRTAC
Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Beyləqan və Füzuli rayonlarında da bu istiqamətdə ardıcıl tədbirlər görülür.
Beyləqan Subartezian Quyularının İstismarı İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, idarənin balansında olan 117 quyu ilə Beyləqan rayonunda 1710 hektar əkin sahəsi, 139 quyu ilə isə Füzuli rayonunda 3250 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir. Son illərdə əhalinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə Beyləqan və Füzuli rayonlarında 80-dən çox subartezian quyusu qazılıb. Bundan başqa istismarda olan subartezian quyularının təmir-bərpası da diqqət mərkəzində saxlanılır. Belə ki, təkcə bu ilin üç ayında idarə tərəfindən 2 ədəd subartezian quyusu, 42 ədəd nasosun elektrik mühərriki əsaslı, 73 ədəd quyu cari təmir edilib.
Prezident İlham Əliyevin 2018-ci il martın 12-də imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya tələbatının ödənilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən, cari ildə Beyləqan rayonunda 9, Füzuli rayonunda isə 12 ədəd yeni subartezian quyularının qazılması nəzərdə tutulub. Artıq quyuların qazılmasına başlanılıb. Yeni quyuların istifadəyə verilməsi ilə bu rayonlarda 500 hektardan artıq əkin sahəsi suvarma suyu ilə təmin ediləcək.